44 günlük Qarabağ müharibəsinin nəticəsində Ermənistanın kapitulyasiya sənədinə imza atmasından sonra Azərbaycanla münasibətlərinin normallaşması gözlənilsə də, son baş verən hadisələr bunun tam əksini göstərir. Məsələnin gizli məqamı isə Ermənistanla Azərbaycan arasında münasibətlərin qaydaya düşməsi barədə doğan suallardır. Hətta iddialara görə, hərbi əməliyyatların qaçılmaz olduğu da bildirilir.
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə son zamanlar rus sülhməramlı qoşunlarının nəzarətində olan ərazilərdən atəşkəsin intensiv şəkildə pozulması və onların Qarabağda öz funksional vəzifələrini tam həcmdə yerinə yetirə bilməməsi Azərbaycan tərəfindən ölkə rəhbərliyi, habelə ictimaiyyəti dərindən narahat edir.
Ednews-a açıqlama verən ekspert belə olan təqdirdə Azərbaycan tərəfinin səfərbərlik barədə hər hansı tədbir görmə ehtimalını belə dəyərləndirib:
“Əlimizdə olan faktlar onu göstərir ki, adətən erməni tərəfinin bu tip təxribatları cavabsız qalmır. Lakin hazırda Ermənistanın hərbi döyüş potensiyalını nəzərə alsaq, Azərbaycanın hansısa səfərbərlik və yaxud hərbi vəziyyət elan etməsini mən şəxsən gözləmirəm. Çünki artıq ordumuzun kifayət qədər komplektləşdirilməsi yüksək rəqəmlərlə ifadə olunur, digər tərəfdən əlavə komando və xüsusi təyinatlı qüvvələr yaradılıb və sərhəd qoşunlarımızın tərkibində genişləndirilmə aparılıb”.
Ədalət Verdiyev bundan əlavə, hərbi əməliyyatların baş verəcəyi təqdirdə Rusiyanın Qarabağda gedən prosseslərə münasibətinə də toxunub.
“Rusiyanın prosseslərə münasibətinin mənfi olmasını təbii qəbul etməliyik. Lakin bir şeyi də unutmaq olmaz ki, bu heç bir şeyi dəyişə bilməz. Çünki “Fərrux”da baş verən prosseslərdən sonra biz Rusiyanın münasibəti qarşısında heç nəyin dəyişmədiyini gördük”.
Eyni zamanda, ekspert Rusiyanın birgə bəyanatın şərtləri çərçivəsində başqa addım atacağının da mümkün olmadığnı vurğulayıb.
“İmzalanan birgə bəyanatın şərtlərinə görə Rusiyanın bizimlə müttəfiqlik razılaşması var. Bundan əlavə, ortada Türkiyə faktoru da mühüm rol oynayır. Digər tərəfdən Ermənistan ərazisindən keçəcək Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması da Rusiyanın birbaşa maraqlarına uyğun gəlir”.
Hərbi ekspert həmçinin, son zamanlar Qarabağda gedən prosseslərə mane olmaq üçün Rusiyanın rəsmi Bakıya raket hücumu kimi hər hansı bir təxribat törədə bilmə ehtimalı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
“Rusiyanın Azərbaycana, xüsusilə də Bakıya qarşı hansısa güc tətbiqindən söhbət gedə bilməz. Çünki Bakının səması kifayət qədər etibarlı bir şəkildə qorunur və digər tərəfdən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bizim qırmızı xəttimizdir” bəyanatını da nə Kreml, nə də digər qüvvələr nəzərə almaya bilməz. Bununla yanaşı, Rusiyanın Ukraynadakı planlarının tam həcmdə həyata keçməməsi fonunda, onun yanında olan azsaylı dövlətlərdən olan Azərbaycan və Türkiyəyə qarşı da çıxış etməsi sağlam məntiqə sığmır”.
Elnur Ənvəroğlu