“Serbiya prezidenti Aleksandr Vuçiç insanları sakitləşdirmək üçün Kosovodakı hökumətin qərarını serblərə qarşı zülm kimi qiymətləndirib”.
Bu sözləri Ednews -a Kocaeli Universitenin Beynəlxalq Əlaqələr üzrə mütəxəssisi İrfan Kaya Ülger Balkanlarda son zamanlar baş verən gərginliyin səbəbləri və Türkiyənin bu regionda siyasi məsələlərin nizamlanmasında rolu barədə söz açarkən bildirib.
Professorun sözlərinə görə, Serbiya hökuməti Kosovada rejimin daxili işlərinə qarışmağa və orada yaşayan etnik serbləri təxribata çəkməyə cəhd göstərirdi.
“İlk növbədə qeyd etmək lazımdır ki, Balkanlar etnik, dil, din və məzhəb baxımından mürəkkəb bir regiondur. Vaxtı ilə süni dövlət olan Yuqoslaviyanın 1990-cı illərdə parçalanması və muxtar bölgələrdən olan federasiya vahidlərinin, hətta Kosovonun müstəqil dövlətə çevrilməsi gərginliyin əsasını təşkil edir. Eyni zamanda bölgəyə hakim olmaq istəyən güclərin təxribatlarını da unutmaq olmaz. Bu ümumi çərçivədə 1 avqust 2022-ci ildə Serbiya ilə Kosovo arasında yaranan gərginlik Serbiyanın Kosovo dövlətini tanımaması ilə bağlıdır. Kosovo 2008-ci il fevralın 17-də müstəqillik əldə edib. Mərkəz Priştinanın Kosovonun serblərin yaşadığı Mitrovitsa bölgəsində vətəndaşlara Kosovo şəxsiyyət vəsiqəsi və dövlət nömrə nişanı tələbi qoyub. Hər bir suveren dövlətin bunu etməyə haqqı və hüququ var. Lakin bunu bəhanə gətirən Serbiya lideri Aleksander Vuçiç Kosovoda guya serblərin hüquqlarının pozulması barədə açıqlama verib. Bölgədə yaşayan yerli serblər isə yolları bağlayıblar, təkərlər yandırıblar, polislərə atəş açıblar. Kosovo polisi vəziyyəti sakitləşdirməyə çalışıb və toqquşmaya çevrilməsinin qarşısını alıb. Daha sonra Türkiyə və digər dövlətlərin liderləri məsələyə müdaxilə edib, nəticədə Kosovo hökuməti yerli serblərə şəxsiyyət vəsiqəsi, nömrə və sürücülük vəsiqələrinin tətbiqini sentyabrın 1-dək təxirə salınıb. Kosovo polisi ehtiyatlı davranmasaydı, böyük münaqişə alovlanacaqdı. Gərginlikdən istifadə etməklə Vuçiç daxildəki ultra-millətçiləri sakitləşdirməyə çalışıb. Belqradda hər gün nümayiş keçirən serblər aşağıdakı şüarı səsləndirirlər. “Ruslar Kiyevə, serblər Kosovoya. Bu ifrat millətçilər hökuməti milli davaya dəstək verməməkdə günahanlandırdılar. Vuçiçin Kosovoya hər hansı formada müdaxilə etməsindən söhbət gedə bilməz. Avropa İttifaqı ilə danışıqlar aparan ölkə Serbiyadır. Lakin o, hələ də belə təxribat xarakterli bəyanatlar verir və bu vəziyyət böyük münaqişələrə çevrilmək ehtimalını qoruyur”.
Balkan yarmadasının beynəlxalq münasibətlərdə siyasi çəkisi barədə söz açan İrfan Kaya bir sıra siyasi güclərin bu regionda xüsusi əhəmiyyətə malik olan təsirinin olduğunu qeyd edib. Onun sözlərinə görə, Türkiyənin də Balkan bölgəsində tarixən önəmli siyasi və mədəni çəkisi qalmaqdadır.
“Rusiya Balkan regionunda hökmranlıq etmək istəyən, təsir dairəsini genişləndirməyə çalışan güclərdən biridir. Bölgədə möhkəmlənmək üçün ruslar bir tərəfdən slavyan qardaşlığından, digər tərəfdən pravoslav təriqətindən, həmçinin öz enerji resurslarından istifadə edirlər.
Türkiyə isə Balkanların şərqini 400, qərb hissəsini isə 200 il idarə edən Osmanlı İmperatorluğunun varisidir. Türkiyənin Balkanlarda mədəni çəkisi var. Əslində, Balkanların slavyan xalqları 19-20-ci əsrlərdə Rusiyanın, hətta Qərbi Avropanın dəstəyi ilə müstəqillik qazanıb.
Digər tərəfdən, Çin hazırda “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə bölgəyə iqtisadi təsirini artırmağa çalışır. Balkan ölkələrinin NATO-ya qoşulması ilə əlaqədar ABŞ regionda təhlükəsizlik perimetri yaradıb. Avropa İttifaqı isə bir-birinin ardınca Qərbi Balkan ölkələrini namizəd ölkə elan etməyə və onları ittifaqa daxil etməyə çalışır”.
Professor, həmçinin Türkiyənin Serbiya daxil olmaqla Balkan ölkələri ilə yüksək diplomatik əlaqələrə malik olduğu barədə də fikir bildirib.
“Türkiyənin Balkan regionu üzərində siyasi çəkisi və təsiri gözləniləndən qat-qat yüksəkdir. Əlbəttə Bosniya müharibəsi zamanı serblərlə ciddi şəkildə qarşı-qarşıya gəldik. Lakin indi Türkiyənin Serbiya ilə çox yaxın münasibətləri var. Gərginlik yarananda Türkiyənin xarici işlər naziri Çavuşoğlu serb həmkarına zəng edib.Türkiyə və digər ölkələrin müdaxiləsi ilə gərginlik hələlik aradan qaldırılıb. Ancaq hadisələr tezliklə yenidən püskürə bilər. Burada əsas məsələ ifrat serb millətçilərinin Böyük Serbiya xülyasıdır. Onlar Serbiya prezidentini ittiham edərək iddia edirlər ki, hökumət ölkə hüdudlarından kənarda, yəni Kosovo, Makedoniya və Bosniya və Herseqovinada yaşayan serblərin problemlərinə maraq göstərmir. Gərginlik daha çox bununla bağlıdır. Türkiyə isə bölgədəki münaqişələrin nizamlanması ilə bağlı xüsusi siyasi və tarixi təcrübəyə malik olan bir ölkədir. Hesab edirəm ki, Türkiyənin Balkanlara təsiri Rusiya və Aİ, ABŞ-ın təsirindən qat-qat çoxdur. İndiyədək Kosovo ilə Serbiya arasındakı gərginliyin aradan qaldırılması böyük ölçüdə Türkiyənin vasitəçiliyi nəticəsində baş verib. Beləliklə, bütün dünya gördü ki, Türkiyənin də yumşaq gücü ilə beynəlxalq siyasi sistemdə çəkisi var”.
Qeyd edək ki, Bosniya və Herseqovinanın Prezidenti Bakir İzzetbeqoviç mətbuata açıqlmasında bildirib ki, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Balkan regionda gərginliyə aparan siyasi problemlərin həllinə öz töhvəsinə verə bilər.
Onun sözlərini görə, Ərdoğanın Serbiya və digər Balkan ölkələrinin liderləri isti münasibətləri var.
Yunis Abdullayev