“Paşinyan Ermənistanın gələcəyini Avropa İttifaqında görür. Lakin bu prosesin qısa müddətdə reallaşması mümkün deyil. Bu, mürəkkəb və çox bahalı keçiddir”.
Bu sözləri EDnews-a açıqlamasında rusiyalı politoloq Dmitri Solonnikov bildirib.
O, Nikol Paşinyanın Ermənistanda keçirilən parlament seçkilərində qələbəsindən sonra ölkənin gələcək xarici siyasət kursu ilə bağlı yaranan sualları şərh edib.
Ekspert İrəvan hakimiyyətinin Qərbə inteqrasiya xəttini davam etdirib-etdirməyəcəyi, eyni zamanda Rusiya ilə münasibətlərdə balansı qoruyub mövcud iqtisadi layihələrdən istifadə edib-etməyəcəyi məsələsinə toxunub.
Solonnikovun sözlərinə görə, Ermənistan Qərbə doğru hərəkətini davam etdirəcək. Lakin bu proses həm çətin, həm də ciddi maliyyə resursları tələb edən mərhələ olacaq.
“Ermənistanın Avropa İttifaqına keçidi maliyyələşdirmək üçün kifayət qədər pulu yoxdur. Avropa bunun üçün pul ödəməyəcək. Avropa heç vaxt heç kimə heç nə ödəmir. Aİ yeni ölkələri onları qarət etmək üçün dəvət edir. Bunu başa düşmək üçün Bolqarıstanın, Rumıniyanın və digər ölkələrin hazırkı vəziyyətinə baxmaq kifayətdir”, – deyə politoloq bildirib.
Ekspert əlavə edib ki, heç kim Ermənistanın Qərbə keçidi üçün maliyyə ayırmayacaq. Onun fikrincə, bu səbəbdən Ermənistan mümkün qədər uzun müddət Avrasiya məkanının iqtisadi və siyasi layihələrində qalmağa çalışacaq və həmin resurslar hesabına Qərbə inteqrasiya prosesinə hazırlaşacaq.
Dmitri Solonnikov vurğulayıb ki, Paşinyan Avropa İttifaqına tamhüquqlu üzvlük üçün lazımi şərait formalaşmayana qədər Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı referendum keçirilməyəcəyini açıq şəkildə bəyan edib.
“Bunu sadə dillə ifadə etsək, Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqından çıxmağa tələsməyəcək. Çünki Avropa İttifaqına keçid üçün resurslara ehtiyac var”, – deyə Solonnikov qeyd edib.
Politoloqun fikrincə, Ermənistanın Qərbə inteqrasiya yoluna Rusiyanın iqtisadi təzyiq mexanizmləri də təsir göstərə bilər.
Tariflərin artırılması, tədarükün məhdudlaşdırılması və digər addımlar Ermənistan iqtisadiyyatına təzyiq vasitəsi kimi istifadə oluna bilər. Bu isə İrəvanın siyasi kursuna birbaşa təsir göstərə bilər.
Beləliklə, seçkilərdən sonra Ermənistanın qarşısında iki əsas istiqamət dayanır: Qərbə inteqrasiya xəttini sürətləndirmək və eyni zamanda Rusiya ilə iqtisadi-siyasi bağları tam qoparmadan mövcud balansı qorumaq. Paşinyan hakimiyyəti üçün əsas çətinlik də məhz bu iki xətt arasında manevr etmək olacaq.
İrəvan Qərbə doğru addımlarını davam etdirmək istəsə də, Rusiya ilə mövcud iqtisadi asılılıq bu prosesi daha mürəkkəb və riskli edir. Qarşıdakı aylarda Ermənistanın atacağı addımlar təkcə ölkənin xarici siyasət kursunu deyil, həm də Cənubi Qafqazda yeni güc balansının necə formalaşacağını göstərəcək.
Aysel Hacıyeva | EDnews






.png)
