“Dovşana qaç, tazıya tut” deyən siyasət - Nuland və Treysinin fikirləri niyə fərqlənir? - ednews.net

27 Oktyabr, Çərşənbə

“Dovşana qaç, tazıya tut” deyən siyasət - Nuland və Treysinin fikirləri niyə fərqlənir?

Yazarlar A- A A+

Qarabağ münaqişəsinin həllində (və ya həll edilməməsində) regional oyunçularla yanaşı maraqlı olan daha bir neçə dövlət var. Onların başında sözsüz ki, ABŞ durur. Və məsələ heç də təkcə ABŞ-ın supergüc, superdövlət olmasında deyil. Vaşinqtonun oyunda olmasının, eləcə də İkinci Qarabağ müharibəsindən sonra zəifləyən mövqelərini əldən vermək istəməməsinin daha bir səbəbi mövcuddur: Amerika siyasətinə təsir edən erməni lobbisi və onların fitvası ilə oturub duran, daha doğrusu, onlardan səs (pul da oxumaq olar) dilənən siyasi simalar. 

Bu tip simalardan biri Qarabağla bağlı qərəzli açıqlamaları ilə gündəmə gələn ABŞ-ın Ermənistandakı səfiri Linn Treysidir. Qarabağ məsələsinin həllinin üzərindən artıq bir ilə yaxın zaman keçməsinə, Qarabağın məxsus olduğu Azərbaycan dövlətinin rəsmilərinin “heç bir status olmayacaq” deməsinə baxmayaraq, səfir Treysi hələ də “status” deyə bar-bar bağırır. Diplomat həmçinin bu məsələni 30 ilə yaxın Qarabağa turistik səfərləri ilə tarixə düşən Minsk Qrupunun öhdəliyində həll edilməmiş bir məsələ kimi qeyd edir. 

Doğrusu, amerikalı diplomatların, eləcə də, ABŞ administrasiyasının rəsmi şəxslərinin buna oxşar ifadə səsləndirməsi o qədər də təəccüblü görünmür. Əksinə, bu kimi fikirləri eşitmək və addımları görməyə adət etmişik. Çünki bu, qondarma “erməni soyqırımını” tanıyan və hər zaman Ermənistana haqsız olaraq haqq qazandıran ABŞ-dır. Bu, haqlı Azərbaycana ən ağır günlərində “907-ci düzəliş” tətbiq edən Vaşinqtondur!  

Lakin gah mələk olub, gah da ifritə çevrilən ABŞ diplomatları fərqli, eyni zamanda bir-biri ilə uyuşmayan addımları da olur. Məsələn, ötən gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşən ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland rəsmi Tvitter səhifəsində Minsk Qrupunun adını zikr etsə də, Ermənistanda oturan Linn Treysinin fikirlərindən fərqli mövqedə nümayiş etdirib. 

“Biz, Minsk Qrupunun həmsədr mexanizmi çərçivəsində, tutulanların azad edilməsi, humanitar minalardan təmizlənmə və siyasi barışıq kimi bölgədə sülhün və sabitliyin təşviqi üçün atılacaq addımlar üzrə irəliləyiş gözləyirik”.       

Bu, ABŞ Dövlət katibinin müavininin mövqeyidir! Nə münaqişə sözü var, nə münaqişənin həll edilməməsi, nə də hansısa status! 

Maraqlıdır, bəs Treysi bilavasitə tabe olduğu şəxs və qurumdan fərqli mövqe nümayiş etdirir? 

Əslində, hər iki diplomatın status fərqinə baxdıqda, müqayisə bir qədər qüsurludur. Xanım Nuland birbaşa administrasiyanı təmsil edən simadır və onun ifadəsi ilə Linn Treysini bir tərəziyə qoymaq doğru olmaz. Nuland ABŞ-ın bütün dünyadakı maraqlarını müdafiə edən şəxsdir, ermənilərin sıx yaşadığı Kaliforniya ştatından olan Linn Treysi isə ABŞ-ın Ermənistandakı maraqlarını (bəlkə də və böyük ehtimalla həm öz, həm də Amerika Erməni Milli Komitəsinin maraqlarını) təmsil edir. Suala cavab aydındır... 

Elnur Ənvəroğlu 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...