Azərbaycan ilə İordaniya arasında əlaqələrin perspektivləri - ednews.net

27 Noyabr, Şənbə

Azərbaycan ilə İordaniya arasında əlaqələrin perspektivləri

Yazarlar A- A A+

Azərbaycan və İordaniya Haşimilər Krallığı arasındakı münasibətlər tarixi köklərə və müştərək dəyərlərə bağlıdır. Qeyd etmək olar ki, müasir dövrdə iki qardaş ölkə arasındakı diplomatik və mədəni münasibətlər yüksək səviyyədədir. Belə ki, İordaniya Haşimilər Krallığı Azərbaycanın müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımış və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. İordaniyanın ilk dövrlərdən etibarən Azərbaycanın suverenliyini tanıması və beynəlxalq təşkilatlar çərçivəsində dəstəyi iki ölkə arasında münasibətlərin qurulmasında xüsusi önəm daşıyır.

 

Azərbaycan ilə İordaniya arasında diplomatik əlaqələr 13 fevral 1993-cü il tarixində yaradılmışdır. 2006-cı il martın 28-də Azərbaycanın İordaniyadakı, 2007-ci il mayın 5-də İordaniyanın Azərbaycandakı səfirliyi fəaliyyətə başlamışdır. 1993-cü ilin fevral ayında İordaniyanın Baş Seremoneysteri Əmir Raad bin Zayedin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuş və diplomatik münasibətlərin tənzimlənməsində öz töhfəsini vermişdir. Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol" imzalanmışdır.

 

İki ölkə arasında münasibətlər çərçivəsində 10 dekabr 2019-cu il tarixində İordaniya Haşimilər Kralı II Abdullah bin Hüseyn bin Talal Azərbaycan Respublikasında rəsmi səfərini xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, İordaniya ilə  Azərbaycan Respublikası  arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 34 sənəd imzalanmışdır.

 

İndi isə son dövrlərdə iki ölkə arasındakı əlaqələrə daha dərindən nəzər salaq. 18 Noyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehin etimadnaməsini qəbul etmişdir. Yeni təyin olunmuş səfirin ictimaiyyətimizə marağı daima diqqəti cəlb etmişdir. Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı İordaniya səfiri iki ölkənin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulamışdır. Səfirin Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-a ziyarəti əsnasında AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə bir sıra məsələlər müzakirə etmiş, eyni zamanda AZƏRTAC və İordaniyanın Petra xəbər agentliyi arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanmışdır. Qeyd olunub ki, hazırda media və yeni texnologiyaların inkişafı nəzərə alınmaqla, agentliklər arasında əlaqələrin yeni müstəviyə keçirilməsinə ehtiyac var. Bununla hər iki media qurumu ölkələrindəki baş verən hadisələr barədə informasiyaları daha operativ və dolğun şəkildə yaymaq, birgə layihələr həyata keçirmək imkanları əldə edəcəklər.  

 

İordaniyanın səfiri Sami Abdullah Ğoşeh Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov görüşdə qarşılıqlı mədəniyyət günlərinin və birgə sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək birgə layihələr ətrafında müzakirələr aparmışdır. Xatırladaq ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin “Ünsiyyət bağları: görüşlər və diskussiyalar” layihəsi çərçivəsində  görüşlərdən biri də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “İçərişəhər” Muzey Mərkəzinin Bakı Fotoqrafiya Evində keçirilmiş və görüşlərdən birinin qonağı da İordaniya səfiri olmuşdur. Görüş iştirakçıları İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə təşkil olunmuş Əmman şəhərinin tarixi inkişafını əks etdirən “Amman, 100 illik yürüş” adlı fotosərgi ilə tanış olmuş və İordaniya səfiri mətbuata verdiyi açıqlamalarda Azərbaycan xalqına olan sevgisini və dərin hörmətini  çatdırmışdır.

 

İkili diplomatik münasibətlər istiqamətində 19 aprel 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli yeni səfiri təyin edilib. Məhz səfir Eldar Səlimovun fəaliyyətə başlaması ilə Azərbaycan-İordaniya münasibətlərinin inkişafında yeni dinamika yaranmışdır. Əmmanda İordaniya Biznesmenlər Assosiasiyasının prezidenti Həmdi Əl Təbbaa ilə Azərbaycanın səfiri Eldar Səlimovun  görüşünü xüsusi qeyd etmək lazımdır. Görüşdə iki ölkənin sahibkarları arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub. Səfir iordaniyalı iş adamlarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası, ölkəmizin iqtisadi inkişafı, Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli neft-qaz və kommunikasiya layihələri barədə məlumat vermişdir. O qeyd edib ki, İordaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı var və hər iki ölkənin sahibkarlarının geniş sərmayə imkanları mövcuddur. Səfir əlavə edib ki, dost ölkələr arasında ticarət dövriyyəsinin həcmi daha da artırılmalıdır. Azərbaycanlı diplomat İordaniyanın parlamentariləri ilə görüşüb. Yüksək səviyyədə keçən görüşdə parlament üzvlərinin əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyət istiqamətləri müzakirə olunmuşdur. Səfir E.Səlimov bildirib ki, Azərbaycanla İordaniya arasında əməkdaşlığın daha da inkişafı üçün bütün imkanlar mövcuddur. O, bu sahədə qanunverici orqanların rolunu xüsusi vurğulayıb. Diplomat qeyd edib ki, dövlət başçıları arasında dostluq və yüksək etimad əlaqələrin genişlənməsi, xüsusən qarşılıqlı sərmayələrin cəlb edilməsində xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanlı diplomat Eldar Səlimovun İordaniyanın nüfuzlu əl-Huvəyyan əşirətinin rəhbəri Şeyx Ayiş əl-Huvəyyan ilə baş tutan görüşü zamanı Şeyx Azərbaycan xalqına sülh, əmin-amalıq və tərəqqi arzuladığını deyib. İordaniyanın nüfuzlu əl-Huvəyyan əşirətinin rəhbəri Şeyx Ayiş əl-Huvəyyan deyib: Azərbaycan xalqının düşmən üzərində Qələbə çalması üçün Uca Allaha dua edirdim. Bu münasibətlər iki ölkə arasında diplomatik münasibətlərlə yanaşı, xalqlar arasında əlaqələrin yüksək səviyyədə olduğunu bir daha sübut edir. Səfir Eldar Səlimovun mütəmadi olaraq keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etməsinə töhfə verir.

Sonda bir daha xatırladaq ki, İordaniya dəfələrlə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini təsdiqləyib, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Belə ki, İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı 2013-cü ildə Bəyanat qəbul edib, 2016-cı ildə isə rəsmi olaraq qətliam kimi tanıyıb. Bundan əlavə, İordaniya Haşimilər Krallığı daim beynəlxalq ictimaiyyətdə Azərbaycanın bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyib.

 
 
Şərqşünas Həşim Məmmədov

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...