Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi aprelin 8-də döyüş meydanında meyitlərin götürülməsi ilə bağlı həyata keçirilən əməliyyata dair açıqlama verib.
Açıqlamaya görə, BQXK-nın neytral vasitəçiliyi ilə münaqişə tərəfləri döyüş meydanında qalmış insan meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçiriblər. Əməliyyat münaqişə tərəflərinin razılığı və müraciəti əsasında olub.
Döyüş meydanından neçə meyitin götürülməsinə gəlincə, komitədən bildiriblər ki, bu barədə məlumat verə bilməzlər. Onlar bunu neytral vasitəçilər olduqları, əməliyyatı keçirən tərəf olmadıqları ilə izah ediblər.
Aprelin 8-i saat 15:00-dan saat 20:00-ə kimi meyitləri götürə bilmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə xüsusi atəşkəs elan edilmişdi.
Aprelin 5-i saat 12:00-dan etibarən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilsə də, tərəflər hələ də bir-birlərini atəşkəsi pozmaqda günahlandırır.