İŞİD terror təşkilatı Suriyanın paytaxtı Dəməşqdə fələstinli miqrantların sıx məskunlaşdığı Yermük düşərgəsinin böyük hissəsini ələ keçirib.
Yerli mənbələr fevralın 14-dən etibarən İŞİD-in düşərgəyə ardıcıl hücumlar təşkil etdiyini bildirib. Terrorçular bomba quraşdırılmış maşınlarla təşkil edilən hücumlar nəticəsində düşərgənin Rica meydanını, Fələstin Xəstəxanasını və Məşru hissəsini zəbt edib. Bununla da düşərgənin təxminən 75%-i terror təşkilatının nəzarətinə keçib.
Hazırda düşərgədə 5 min fələstinlinin yaşadığı deyilir.
BMT-nin hesabatına görə, Suriya savaşından əvvəl buradakı 12 böyük düşərgədə 560 min fələstinli miqrant yaşayırdı. Savaşdan sonra onların böyük hissəsi Türkiyəyə, İordaniyaya, Livana sığınıb.
Qeyd edək ki, son aylarda Suriyanın şimalında Türkiyə, mərkəzi və şərq hissələrində isə ABŞ və Rusiya hərbi qüvvələrinin ardıcıl əməliyyatlarından sonra İŞİD terrorçuları ölkənin qərbinə doğru çəkilməyə məcbur olub. (axar.az)