Cənubi Koreya istehkamçıları KXDR-lə quru sərhədinin bir hissəsində minaları təmizləməyə başlayıb.
Eurasia Diary AZƏRTAC-a istinadla xəbər verir ki, Seul Pxenyanın da analoji addım atmasını gözləyir. Minaların təmizlənməsi yarımadada hərbi gərginliyin azaldılması üzrə saziş çərçivəsində həyata keçirilir.
Cənubi Koreya və KXDR arasında quru sərhədlərinin uzunluğu 248 kilometrdir. Bu sərhədin cənub tərəfində azı 2 milyon mina basdırılıb. Minaların çıxarılması prosesi hələlik kiçik bir hissədə aparılsa da, bu, hər iki ölkənin gərginliyin azaldılması istiqamətində 10 ildən bəri ilk müştərək fəaliyyəti olacaq.
Xatırladaq ki, aprelin 27-də sərhədyanı Phanmuncom məntəqəsində Cənubi Koreya və KXDR liderlərinin ilk görüşü baş tutmuşdu. Tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlığı nəzərdə tutan deklarasiya imzalamışdı. Bundan sonra daha iki sammit keçirilib, yarımadanın şimalı və cənubu arasında düşmənçiliyə son qoyulması istiqamətində yeni tarixi addımlar atılıb.