Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin silahlı qüvvələrinin və Daxili İşlər Nazirliyi xüsusi təyinatlılarının tam hərbi hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verib.
Xəbəri Serbiyanın Milli Televiziyası yayıb.
“ROSU birləşmələri (Kosovo DİN-in xüsusi təyinatlıları) bütün 4 serb bələdiyyəsi ərazisinə daxil olub. Kosovo polisinin serb milliyyətindən olan əməkdaşları və mülki vətəndaşlar saxlanılıb”, - telekanaldan bildirilib.
Qeyd edək ki, bütün bunlar Kosovodakı insidentdən sonra baş verib. Belə ki, Kosovo polisi 13 serbi saxlayıb.
Son məlumata görə, bu dəqiqələrdə Kosovodakı vəziyyətlə əlaqədar Belqradda Serbiya Təhlükəsizlik Şurasının təcili iclası keçirilir.
Prezident Aleksandr Vuçiç Avropa İttifaqına xəbərdarlıq edib ki, Kosovo xüsusi təyinatlıları serb əhalinin yaşadığı rayonları tərk etməsə, o, vəziyyətə reaksiya vermək üçün lazımi tədbirləri görəcək.
Başqa bir məlumata görə isə, Şimali Atlantika alyansının komandanlığı altında olan Kosovo Beynəlxalq Qüvvələri (KFOR) bildirib ki, Kosovo xüsusi təyinatlıları prokurorluğun qərarı ilə bölgədə adi polis əməliyyatı həyata keçirir. KFOR vəziyyətə qarışmayacağını bəyan edib.