Naxçıvanda, N saylı hərbi hissədə atəşkəsin pozulması nəticəsində Ordubad rayonu Unus kənd sakini müddətdən artıq həqiqi hərbi quluqçu Yusifov Vüsal Nizami oğlu şəhid olub.
Eurasia Diary xəbər verir ki, bunu Milli Məclisin deputatı Adil Əliyev bildirib.
"Azərbaycan xalqına və ailəsinə dərin hüzünlə baş sağlığı verir, Allahdan səbir diləyirəm" - deputat özünün feysbuk hesabında yazıb.
Qeyd edək ki, Azərbaycan ordusunun Naxçıvan cəbhəsində şəhid verməsi barədə xəbər günün birinci yarısında faktor.az saytında və sosial şəbəkələrdə yayılmışdı. Lakin Müdafiə Nazirliyindən faktı təsdiqləyən hər hansı bir açıqlama yayılmayıb. Əməkdaşımız xəbəri dəqiqləşdirmək üçün Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya zəng etdikdə isə, xidmət rəisi sualı e-mail ünvanına yazıb göndərməyi məsləhət görüb. Lakin günün sonuna kimi mətbuat xidmətinə göndərdiyimiz suala cavab verilməyib.
Əslən Naxçıvandan olan deputat Adil Əliyevin bu açıqlaması isə yayılan xəbərin doğruluğuna şübhə yeri qoymur.
Allah şəhidimizə rəhmət eləsin!