Ermənistan-Azərbaycan sərhədində baş vermiş atışma zamanı erməni ordusunun hərbçisi yaralanıb.
Eurasia Diary bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin şimal-şərq istiqamətində baş verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan faktı təsdiqləyib. Güllə yarası alan 27 yaşlı Artak.O-dur. Erməni tərəf onun ötən gecə, saat 23 radələrində yaralandığını iddia edib.
Qeyd edək ki, son günlər Ermənistan cəbhənin Qazax rayonu istiqamətindən davamlı təxribatlara əl atır. Bundan əvvəl, 27-28 iyulda baş verən atışmalar zamanı erməni ordusunun bir əsgəri məhv edilmiş, daha bir neçə nəfər isə yaralanmışdı.
Ötən günsə Ermənistan ordusunun Qazax rayonu istiqamətindən postlarını irəli çəkmək istədiyi barədə xəbər yayılmışdı. Lakin Azərbaycan Dövlət Sərhəd Xidməti düşmənin təxribatlarının qarşısını qətiyyətlə alaraq strateji yüksəkliklərdə möhkəmlənib. Ermənistan ordusunun itkilər verdiyi barədə də xəbərlər yayılmışdı, artıq ilk yaralı barədə açıqlama verildi. (musavat.com)