Yanvarın 13-də saat 14:57-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Ağgöl kəndi ərazisində iki minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Eurasia Diary-ə bildiriblər ki, məlumatla əlaqədar Agentliyin xüsusi mobil əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb.
Agentliyin mütəxəssislərinin apardıqları təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli iki ədəd 60 millimetrlik minaatan mərmisi (40 M13 İN) aşkarlanıb. Mərminin tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə baxış keçirilib və həmin mərmidən daha ikisi aşkarlanıb. Tapılan sursat götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Yanvarın 1-dən 13-dək ümumilikdə 10 əməliyyat çağırışı əsasında 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə 20 ədəd partlamamış hərbi sursat və piyada əleyhinə 2 mina, müxtəlif çaplı 455 patron zərərsizləşdirilib, 3156 kvadratmetr ərazi yoxlanılıb.