Yanvarın 30-da saat 12:46-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Dozular kəndində mina tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Eurasia Diary-ə bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Göygöl Rayon Polis Şöbəsinin və Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində piyada əleyhinə OZM-72 minası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minanın tapıldığı yerin ətrafında 700 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.