Martın 4-də saat 12:59-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Gəncə-Şəmkir yolu ərazisindəki “Banu” mebel evinin yaxınlığında təmizlik işləri aparılarkən köhnə partlamamış top mərmisinin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "EDNews"a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Göygöl Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qeyd olunmuş əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd tərkibində partlayıcı maddə olmayan 85 millimetrlik top mərmisi (OF-416) aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.