24 Aprel tarixində saat 14:36-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi şəhəri, Vaqif küçəsində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin və Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
ANAMA-dan EDNews.net-ə daxil olan məlumata görə Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan metal əşya aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Metal əşyanın ətrafında 100 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.