Ermənistan ordusunun Şuşa döyüşlərində ağır məğlubiyyətə uğramasını təsdiqləyən daha bir fakt ortaya çıxıb.
Eurasia Diary Azvision-a istinadən xəbər verir ki, erməni mediasına müsahibə verən əsgər David Rafaelyanın atası şəhərin müdafiəsi zamanı xeyli sayda erməni hərbçinin öldüyünü deyib.
"David Rafaelyan noyabrın 7-də Şuşaya gedən yolda öldürüldü. 45 nəfərdən 40-ı artıq öldürülmüşdü. Ağır yaralanan əsgər son dəfə atasına zəng vurduqdan sonra ölüb. Əsgərin atası deyir ki, onlar "Artsax" (Qarabağda olan keçmiş qondarma rejim-red) rəhbərliyinə kömək üçün müraciət ediblər. Amma dəstək qüvvələrin göndəriləcəyini söz versələr də, kömək üçün bir nəfər də gəlməyib", - deyə erməni mediası yazıb.
Erməni əsgər atası oğlunun ağır yaralı olmasına baxmayaraq, tibbi yardım üçün ciddi müdaxilənin olmamasından gileylənib:
"Oğlum zəng edəndə son nəfəsində idi. Soruşdum ki, sənə nə oldu? O isə ata, dua et, yaşamaq istəyirəm, artıq ölürəm dedi. Haradasan deyib soruşduqda, "özüm də bilmirəm, kürəyimdən, çiynimdən, qolumdan vurdular, yardım gəlmədi" söylədi".