İsrail xarici işlər naziri Qabi Aşkenazi ABŞ dövlət katibi Entoni Blinkenlə söhbətində İsrailin Qəzza zolağındakı əməliyyatı tamamlamaq üçün bir neçə günə ehtiyac olduğunu bildirib.
Eurasia Diary Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat verib. Blinken, öz növbəsində Vaşinqtonun yaxın gələcəkdə hərbi əməliyyatların sona çatmasını gözlədiyini bildirib. O, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı Fransa təşəbbüslərinə mane olduğunu da vurğulayıb.
Qeyd edək ki, eskalasiyanın başlanğıcından bəri Qəzza zolağından İsrail ərazisinə təxminən 4070 raket atılıb, bunlardan 610-u anklavın ərazisinə düşüb.
Hücumlar nəticəsində 10-dan çox İsrail vətəndaşı həlak olub və 50-dən çoxu ağır yaralanıb. İsrailin cavab hücumları nəticəsində Fələstində 200-dən çox insanın öldüyü bildirilir.