Vətən müharibəmizin qəhrəman qazilərindən biri də kapitan Fizuli Qismət oğlu Cəfərovdur.
EDNews.net xəbər verir ki, F.Cəfərov Moderator.az-a açıqlamasında öz döyüş yolunu belə nəql edib:
“1970-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. İki övladım var. Özüm Azərbaycan Texniki Universitetini bitirmişəm. 1995-ci ildən 2000-ci ilə qədər orduda xidmət etmişəm və kapitan rütbəsinə qədər yüksəlmişəm. Daha sonra isə ordu sıralarından ehtiyata buraxılmışam. Bu illər ərzində rayonda müxtəlif məktəblərdə hərbi hazırlıq müəllimi işləmişəm.
Həmişə gözləmişəm ki, müharibə başlasın və torpaqlarımızı düşməndən azad edək. Nəhayət ki, o gün gəldi çatdı və sentyabr ayında mən də ordu sıralarına çağırıldım. Komandanlığın göstərişi ilə divizionun kəşfiyyat rəisi vəzifəsinə təyin olunmuşam. Döyüşlərə Füzulidən başladım və Hadruta, Qarğabazara, Tuğ kəndinə qədər getdim. Sonuncu döyüş yerim Xocavəndin Yuxarı Tağlar kəndi olub. Dekabrın 30-da isə ordu sıralarından tərxis olundum”.
Qazimiz döyüşlərlə bağlı danışarkən ən yaddaqalan xatirəsini də bölüşüb:
“Füzulidə əsgərlərimizlə Alxanlı kəndində yolda maşını saxlayıb insanların verdiyi ərzaqları maşına yükləyirdik. Orda gördüm ki, bir yaralı əsgər gətiriblər və sifəti qandır. Ordakı bir vətəndaş yaralının üzündəki qanı silib, üzündən öpdü. Bir də o əsgərlərimizin gözündəki parıltını yadımdan çıxara bilmərəm. Hamısının cibində bir bayraq var idi və deyirdilər ki, komandir, icazə ver bu yüksəkliyə bayrağı mən sancım”.
F.Cəfərov bir neçə gün öncə Cəlilabad rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin edilib:
“İcra başçımız hörmətli Rafiq Cəlilov qazilərlə görüşü zamanı İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə bir adam təyin etmək istədiyini deyib. Həmin görüşdə mən orda olmamışam, amma qazilərimiz məni məsləhət görüblər. Daha sonra R.Cəlilov məni yanına çağırdı söhbət etdik və təklif etdi ki, bu işi üzərimə götürüm. Mən də dedim ki, bu iş ağırdır, amma şərəfli işdir. Mən də dövlətin əsgəriyəm və məsləhət görürsünüzsə, işləyərəm.
Mənim dayım Rafiq Cəfərov da Birinci Qarabağ savaşında şəhid olub. Dayım 1992-ci ildə Fred Asifin dəstəsində döyüşüb”.
Qeyd edək ki, Fizuli Cəfərov ölkə başçısı tərəfindən “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.