“Ermənilərin təqdim etdiyi xəritələrə etibar etmək olmaz” - Umud Mirzəyev - ednews.net

17 Yanvar, Bazar ertəsi

“Ermənilərin təqdim etdiyi xəritələrə etibar etmək olmaz” - Umud Mirzəyev

Münaqişələr A- A A+

Ermənistan yenə də mina xəritələri ilə bağlı məsələdə iç üzünü nümayiş etdirib. Dekabrın 4-də mina xəritələrinin təqdim edilməsindən sonra sükuta riayət edən Azərbaycan rəsmiləri açıqlama verərək, xəritələrin mina xəritələrinin yerini dəqiq göstərmədiyini bildiriblər. 

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, təqdim edilən xəritələrin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir: “Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılmışdı. Yəni ərazini təmizləmək çox çətindir”.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov açıqlamasında qeyd edib ki, mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur.

“Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları ilə bağlı daha əvvəl verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25 faiz təşkil edir. Bu dəfə təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır. Təqdim olunan formulyarlar hərtərəfli təhlil olunduqdan sonra onların nə dərəcədə dəqiqliyi və hansı əraziləri əhatə etdiyi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə V.Süleymanov vurğulayıb.

Xatırladaq ki, bu gün Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşüb. Ərazidə bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev EDNews.net-ə açıqlamasında baş vermiş insidentin bu gün üçün bəlkə də ən acı xəbərlərdən biri olduğunu deyib.

“Son dövrlər minalarla çirklənmiş ərazilərdə baş verən insidentlərin özü verilmiş mina xəritələrinin etibarsız olmasının əyani sübutudur. Ərazilərimiz kifayət qədər ciddi şəkildə çirkləndirilib. Azərbaycanın istər Ağdam, istər Füzuli bölgəsində, istərsə də Suqovuşan-Tərtər istiqamətində elə ərazilər var ki, 1 kv. metrdə 10-dan çox piyada əleyhinə mina aşkarlanıb. Bu da həmin ərazilərin yüksək dərəcəli riskli olduğundan xəbər verir. Hər addımda “sürpriz”lə qarşılaşmaq mümkündür.

Bu gün yaşanan insident piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması ilə sürpriz mina partlayışı olub. Bu isə minanın dağıdıcı gücünü artırmaq və daha böyük tələfatın olmasına hesablanıb”.

U. Mirzəyev qeyd edib ki, regionda olan minaların böyük əksəriyyətinin Ermənistan və Rusiya istehsalı olmasına baxmayaraq, kustar üsulla hazırlanmış çoxsaylı minalara da rast gəlmək olur: “Bu sürprizlər xüsusilə insan həyatı üçün təhlükəlidir. Ona görə də biz bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini maksimum cəlb etməyə çalışmalıyıq. Ermənistan tərəfi birtərəfli qaydada problemləri fərqli şəkildə qabartmağa çalışır. Münaqişə ilə bağlı daha çox dezinformasiya yaymağa çalışır, amma lazımi məsələlərdə addım atmırlar. Bununla Ermənistanda daha çox Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin gecikməsinə nail olmaq istəyirlər. Azərbaycan vətəndaşlarının azad edilmiş ərazilərə dönüşünü hər vəchlə əngəlləməyə çalışırlar. Bu da alınan məsələ deyil. Yollar, elektrik, qaz, su xətləri çəkilir, hava yolları açılmaqdadır. Füzulidə böyük bir hava limanı artıq təhvil verilib və bu gün ora uçuşlar davam edir. Təbii ki, bu düşmənlərimizi narahat edir”.

BAMF rəhbəri Ermənistanın təqdim etdiyi xəritələrin həqiqəti əks etdirmədiyi fikrinə qatıldığını bildirib: “Mina problemi ilə yaxından məşğul olan bir şəxs kimi xəritələrin həqiqəti əks etdirmədiyi fikri ilə tam razıyam. Həqiqətən də bu xəritələrə tam etibar etmək olmaz. Bu əraziləri əsasən öz qüvvəmizlə, çox böyük güc və maliyyə sərf edərək təmizləmək məcburiyyətindəyik”.

U.Mirzəyev mina təhlükəsizliyi sahəsində əhalinin maarifləndirilməsi istiqamətində ciddi işlərin görülməli olduğunu da vurğulayıb: “Biz tez-tez həmin ərazilərdə yaşayan insanların arasında oluruq. Bu gün Azərbaycanın keçmiş təmas xəttində yerləşən 10 rayonunda partlamamış sursatların təhlükəsizliyinə dair maarifləndirmə layihəsi icra olunur. Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-ın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilir. Bu layihə göstərir ki, hətta təmas xəttinə yaxın olan insanların bu istiqamətdə davranış qaydalarına, ümumiyyətlə maarifləndiməyə böyük ehtiyacı var. Görünən odur ki, insanların çoxu bəzən onlara çox yaxın ərazilərin nə qədər çirkli olduğunun fərqində olmurlar. Maarifləndirmə istiqamətində də ciddi işlərin görülməsinə ehtiyac var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...