Sürünən müharibənin gözlə görünməyən ölüm nəfəsi... - ednews.net

22 Yanvar, Şənbə

Sürünən müharibənin gözlə görünməyən ölüm nəfəsi...

Münaqişələr A- A A+

Bəşəriyyət üçün faciəli olan müharibələr müəyyən zaman kəsiyində baş verir, müəyyən müddət sonra bu və ya digər nəticələrlə başa çatır. Lakin silahlı münaqişədən geriyə qalan mina təhlükəsi illərlə davam edir. Sürünən müharibənin ən barız nümunəsi olan mina problemi illər ötəndən sonra belə, insan ölümü, insan tələfatı və şikəst olması ilə müşayiət olunur.

Mina təkcə Azərbaycanın deyil, dünyada 60 milyondan çox insanın ölüm qorxusudur. Hazırda dünyada onlarla ölkədə on milyonlarla partlamamış minaların qaldığı ehtimal edilir. 

Azərbaycan dünyada mina və partlamamış hərbi sursatlardan əziyyət çəkən ölkələr sırasında ilk yerlərdə durur. Ermənistan 1994-cü ildə elan olunmuş atəşkəsdən sonra Azərbaycanın işğal edilmiş ərazilərində dünyanın digər münaqişə bölgələrindəki minaların sayından daha çox mina basdırıb. Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazın digər ölkələrindəkindən 2 dəfə çox olmaqla 3 min nəfərdən artıqdır.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, 10 noyabr 2020-ci il tarixdən indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. Məlumatda qeyd edilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların arasında xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minaya düşərək həyatını itirən 2 jurnalist də var.

Sonuncu dəfə dekabrın 9-da Şuşanın Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətin iki əməkdaşı xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Hazırda işğaldan azad edilmiş torpaqların 80-85 faizi hələ də minalara görə təhlükəlidir. Azərbaycanın Vətən müharibəsi nəticəsində erməni işğalından azad etdiyi ərazilərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən intensiv minatəmizləmə işləri aparılır. Ermənistan ordusunun işğal etdiyi bölgələrdə məhsuldar əkin sahələri, ümumiyyətlə, hərbi zonaya daxil olmayan bölgələr də minalanıb. Minalar keçmiş təmas xəttindən əlavə işğalçıların özlərindən öndə və geridə yerləşən, hətta hərbi zərurət olmayan ərazilərdə də aşkar edilir. Təkcə keçmiş təmas xəttinə yaxın olan ərazilər yox, bütün şəhərlər, kəndlər, qəsəbələr, meşələr, yollar, önəmli strateji yüksəkliklərin hamısı minalanıb. Mütəxəssislər və yerli ekspertlər hesab edir ki, işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il gözləmək lazımdır.

Qeyd edək ki, aparılmış danışıqlar nəticəsində dekabrın 4-də Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib. Lakin bu xəritələrin qeyri-dəqiq olması narahatlıq doğurur. ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov açıqlamasında qeyd edib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları ilə bağlı daha əvvəl verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25 faiz təşkil edir. Bu dəfə təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır.

Bu gün Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsman Aparatında keçirilən tədbir zamanı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur: “Biz bir neçə dəfə beynəlxalq qurumlara müraciət etmişik. Lakin Ermənistan minalı ərazilərin tam dəqiq xəritələrini verməkdən imtina edib. Bu səbəbdən də bu günə qədər bir çox soydaşlarımız mina qurbanı olub, ağır xəsarətlər alıblar".

Məsələ ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev EDNews.net-ə açıqlamasında deyib ki, Ağdam, Füzuli və Suqovuşan-Tərtər istiqamətində elə ərazilər var ki, 1 kv. metrdə 10-dan çox piyada əleyhinə mina aşkarlanıb: “Bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini maksimum cəlb etməyə çalışmalıyıq. Ermənistan tərəfi birtərəfli qaydada problemləri fərqli şəkildə qabartmağa çalışır. Münaqişə ilə bağlı daha çox dezinformasiya yaymağa çalışır, amma lazımi məsələlərdə addım atmırlar. Bununla Ermənistanda daha çox Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin gecikməsinə nail olmaq istəyirlər. Azərbaycan vətəndaşlarının azad edilmiş ərazilərə dönüşünü hər vəchlə əngəlləməyə çalışırlar”. 

BAMF rəhbərinin sözlərinə görə, bu gün Azərbaycanın keçmiş təmas xəttində yerləşən 10 rayonunda partlamamış sursatların təhlükəsizliyinə dair maarifləndirmə layihəsi icra olunur. “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-ın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilir. Bu layihə göstərir ki, hətta təmas xəttinə yaxın olan insanların bu istiqamətdə davranış qaydalarına, ümumiyyətlə maarifləndiməyə böyük ehtiyacı var”, - deyə U. Mirzəyev qeyd edib. 

İrlandiyalı tarixçi Patrik Uolş EDNews.net-ə açıqlamasında qeyd edib ki, Ermənistanın minalar barədə kifayət qədər məlumat verməsi və işğal dövrü ərzində saldığı ölümcül mina sahələrinin aradan qaldırılmasında köməklik göstərməsi olduqca vacibdir: “Minalar insanları öldürməyi davam edir, sülhün təmin edilməsi üçün aradan qaldırılması vacib olan münaqişəni uzadır və insanlar arasında qəzəb hisslərini gücləndirir. Müharibə zamanı mülki əraziləri hədəf alan Ermənistanın cinayətkar davranışı mütləq etiraf edilməlidir. Ermənistanın bu fəaliyyəti Cənubi Qafqazda problemlərin funksional həllinə və regionun bütün xalqların rifahı üçün vacib olan sülhə ziddir. 

Onu da qeyd edim ki, digər qınaq olunası məsələ işğal dövründə erməni işğalçıları mədəniyyət abidələrinin dağıdılmasıdır. Bu cür davranış tarixi zibil qutusan düşən erməni millətçiliyinin dözümsüzlüyünün və ziyanlı xarakterinin təzahürüdür”.

Britaniyalı jurnalist, redaktor və televiziya aparıcısı Neyl Vatson EDNews.net-ə açıqlamasında bildirib ki, İnsan Haqları günündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində vaxtilə ermənilər tərəfindən basdırılmış minalarının törətdiyi bəlaları diqqətdən keçirmək vacibdir: “Birinci Qarabağ müharibəsi, 30 illik işğal dövründə və İkinci Qarabağ müharibəsi dövründə ermənilər külli miqdar minalar basdırıblar. Minalar digər silahlardan heç cürə fərqlənmir. Bu silahlar qadınları və uşaqları öldürür və şikəst edir, bununla bərabər münaqişədən sonra da onilliklər boyu torpaqda qalır. Ermənistanın bəzi mina xəritələrini üzə çıxarmasına baxmayaraq, onların dəqiqliyi hələdə şübhə altındadır və tam müəyyən etmək mümkün deyil. Azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün ilk öncə işğaldan edilən ərazilər təhlükəsiz olmaladır. Buna isə uzun illər lazımdır. Minalar insanları insanların həyatlarına son qoyur. Ona görə də gəlin bu İnsan Hüquqları Günündə mina qurbanlarını xatırlayaq və minaların Azərbaycanda davam edən təhlükəsini nəzərdən keçirik”, - deyə N.Vatson qeyd edib.

ANAMA-nın məlumata görə, Ermənistan işğal etdiyi ərazilərimizdə 30 il ərzində minaların bütün növlərindən istifadə edib. Hazırda əldə olunan faktlara əsasən, düşmən piyadalar əleyhinə fuqas (yəni partlayış dalğalı) minalardan daha çox istifadə edib. Bildirilir ki, aşkar edilməkdə olan minaların istehsal illəri, aşkar edildikləri relyef bu dağıdıcı hərbi sursatların növləri, yerləşdikləri dərinlik müxtəliflikləri, yeni və solmuş rəng çalarları və sair kimi texniki halları işğaldan azad edilmiş ərazilərdə tapılan minaların son 30 il ərzində hər il basdırıldığını və minalı sahələrə texniki qulluq göstərildiyini deməyə əsas verir. Hər hansı səbəbdən partlamış minaların yaratdığı boşluqlar yeni minalarla əvəz edilib. Partlayıcı maneələr sayılan mina sahələrini daha da ölümcül etmək üçün düşmən tərəfindən məsafədən idarə edilən partlayıcı obyektlər basdırılıb.

Qeyd etmək lazımdır ki, azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olub.

Bütün bunları nəzərə alaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə respublikamızda 20-dən çox rayonun bütün ümumi təhsil müəssisələrində şagirdlərə “Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...