BMT-nin Cenevrə ofisində çalışan rusiyalı bir diplomat istefa edib.
Ednews “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəliyində müşavir vəzifəsində çalışan Boris Bondarev xarici həmkarlarına Rusiya prezidenti Vladimir Putinin Ukraynada başlatdığı “aqressiv müharibəni” tənqid edən bəyanat göndərib.
Cenevrədəki bir sıra diplomatik nümayəndəliklərə göndərilən bəyanatında o, Ukraynanın işğalını pisləyib və Rusiya Xarici İşlər Nazirliyini tənqid atəşinə tutub.
"Diplomatik karyeramın iyirmi ili ərzində mən xarici siyasətimizin müxtəlif dönüşlərini görmüşəm, lakin bu ilin fevralın 24-də olduğu kimi ölkəmdən heç vaxt utanmamışam. Putinin Ukraynaya və əslində bütün Qərb dünyasına qarşı başlatdığı təcavüzkar müharibə təkcə Ukrayna xalqına qarşı deyil, həm də bəlkə də Rusiya xalqına qarşı ən ağır cinayətdir",-Bondarev bəyanatda bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən heç bir şərh verilməyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxilə edib və bunu “denazifikasiya” məqsədli “xüsusi hərbi əməliyyat” adlandırıb.
Mirvari Əzizova