Mərkəzi Amerikada yerləşən və yüksək zorakılıq səviyyəsinə görə məşhur olan Salvador Respublikası cari ildə qətlsiz ilk gününü yaşayıb. Bu barədə milli polis idarəsinin direktoru Hovard Kotto məlumat verib. Lakin ertəsi gün – yanvarın 12-də Sakatekoluka şəhərində polislə atışmada küçə bandit dəstələrindən birinin iki üzvü öldürülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl qeydə alınan qətlsiz gün isə 2015-ci il yanvarın 22-nə təsadüf edib.
Salvador artıq uzun illərdir ki, cinayətkarlıq səviyyəsinə görə regionun və dünyanın ən təhlükəli ölkələrindən biridir. 2015-ci ildə respublikada zorakılıq səviyyəsi əvvəlki illə müqayisədə 80 faiz artaraq maksimal həddə çatmışdı. Həmin il 6657 nəfər, o cümlədən 637 uşaq və yeniyetmə zorakılığın qurbanı olmuşdu.
Hökumətin verdiyi məlumata əsasən, 2016-cı ildə vəziyyəti müsbət tərəfə dəyişmək mümkün olub.