ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Novruz bayramı ilə bağlı tədbir keçirilib.
Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (CAFA) təşkilatçılığı ilə keçirilən tədbirdə 250-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, müxtəlif xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.
CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqda danışıb. Kaliforniyada belə bir tədbiri keçirməkdən CAFA təşkilatı olaraq məmnunluğunu ifadə edən K.Məmmədova, bu işdə dəstək göstərmiş bütün icma üzvlərinə təşəkkürünü bildirib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında qeyd edib ki, Novruz bayramı təkcə baharın gəlişi, təbiətin oyanışı yox, həm də sülhün, dostluğun, birgə yaşayışın carçısıdır.
Daha sonra Kaliforniya Ştat Senatoru Coş Nyuman, Los-Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi və Los-Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Carlos Mendez çıxış edərək, Azərbaycan icmasına bayram təbriklərini çatdırıblar.
Tədbir Azərbaycan musiqisindən nümunələrin ifası və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam edib. Gənc musiqiçilər Röya Miriyeva və Rizvan Əliyev tərəfindən ifa edilən Azərbaycan mahnıları, amerikalı rəqs ustası Robin Frendin ifa etdiyi “Tərəkəmə” və “Uzundərə” kimi Azərbaycan xalq rəqsləri, eləcə də Kaliforniyanın Örvayn Universitetinin amerikalı tələbələri tərəfindən oxunan “Sarı gəlin” xalq mahnısı böyük rəğbətlə qarşılanıb.