Sudan Respublikasının Bakıdakı səfirliyində azərbaycanlı tələbələrin ərəb dilinin tədrisi üzrə dərsdən kənar məşğuliyyətinə həsr olunmuş görüş keçirilib.
Eurasia Diary xəbər verir ki, tədbirdə Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri və Beynəlxalq Avrasiya Mətbuat Fondunun ərəbşünas jurnalisti Həşim Məmmədov iştirak ediblər.
Tədbirin təşkilatçısı - Sultan STS Şirkətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin dosenti, tanınmış ərəbşünas Ülviyyə Hüseynova şirkətin fəaliyyəti barədə danışıb.
Görüş zamanı Sudan Respublikasının Azərbaycandakı səfiri Abbas Mustafa Əhməd Abdallay ərəb dilinin özəllikləri, onun tarixən yayılması, inkişaf dövrləri haqqında söz açıb və tələbələrin fikirləri öyrənilib. Daha sonra tələbələr özləri haqqında məlumat verib. Tədbir tələbələrin ərəb dilində şerlər söyləyib və mahnılar oxuyaraq öz bacarıqlarını nümayiş etdirməsilə davam edib. Sudan səfiri azərbaycanlı tələbələrin ərəb dilinə olan marağını yüksək qiymətləndirib.
Qeyd edək ki, Ərəb ölkələrinin Azərbaycanda təmsil olunan səfirliklərində çay süfrəsini ilk dəfə olaraq Sultan STS Şirkəti təşkil etmiş və bu ənənəni indi də davam etdirməkdədir.