Fələstin Dövlətinin Bakıdakı səfirliyində azərbaycanlı tələbələrin ərəb dilinin tədrisi üzrə dərsdən kənar məşğuliyyətinə həsr olunmuş görüş keçirilib.
Eurasia Diary xəbər verir ki, tədbirdə Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetinin, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri və Beynəlxalq Avrasiya Mətbuat Fondunun ərəbşünas jurnalisti Həşim Məmmədov iştirak ediblər.
Tədbirin təşkilatçısı - Sultan STS Şirkətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin dosenti, tanınmış ərəbşünas Ülviyyə Hüseynova şirkətin fəaliyyəti barədə danışıb. O, Fələstin səfirinə ərəb səfirliklərinin duayeni olaraq, digər səfirliklər ilə məsləhətləşmələrdən sonra hər il Sultan Ərəbşünaslar klubunun üzvlərindən bir neçəsini ərəb ölkələrindən birinə təhsil almağa göndərməkdə kömək etməsi üçün müraciət edib. Bundan əlavə səfirdən fevral-mart aylarında Sultan STS Şirkətinin təşkilatçılığı ilə ərəb ölkələrinin mədəniyyət festivalının təşkil olunmasına yardım etməsi istənilib. Səfir hər iki məsələni digər ərəb səfirliklərinin diqqətinə çatdıracağını və onlarla müzakirə edəcəyini deyib.
Görüş zamanı Fələstin Dövlətinin Azərbaycandakı səfiri Abbas Nasir Əbdül Kərim ərəb dilinin özəllikləri, onun tarixən yayılması, inkişaf dövrləri haqqında söz açıb və tələbələrin fikirləri öyrənilib. Daha sonra tələbələr özləri haqqında məlumat verib. Tədbir tələbələrin ərəb dilində şerlər söyləyib və mahnılar oxuyaraq öz bacarıqlarını nümayiş etdirməsilə davam edib. Fələstin səfiri azərbaycanlı tələbələrin ərəb dilinə olan marağını yüksək qiymətləndirib.
Qeyd edək ki, Ərəb ölkələrinin Azərbaycanda təmsil olunan səfirliklərində çay süfrəsini ilk dəfə olaraq Sultan STS Şirkəti təşkil etmiş və bu ənənəni indi də davam etdirməkdədir.