Ukraynada Karazin adına Xarkov Dövlət Universitetində ensiklopediya nəşr edilib. Eurasia Diary-nin verdiyi xəbərə görə, ensiklopediyada universitetin 100 illiyi ilə bağlı onu bitirmiş yüz məşhur ədəbiyyatçı şəxs barədə məqalə yer alıb. Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovun tanınmış Azərbaycan yazıçısı Tağı Şahbazi haqqında yazdığı məqalə və yazıçının “Aleksandr Eyniç” adlı hekayəsinin rus dilinə tərcümə olunmuş versiyası da həmin topluya daxil edilib.
Əsərləri "Simurq" təxəllüsü ilə dərc edilən görkəmli Azərbaycan yazıçısı, publisist və pedaqoq Tağı Şahbazi Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirib. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi İcra Komitəsinin katibi, Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru, bir sıra jurnalların redaktoru olub. Tağı Şahbazi 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal iştirak edib. 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri olub. 1937-ci ildə əks-inqibaçı, burjua-millətçi kimi həbs edilib, 1938-ci ildə 15 dəqiqə sürən məhkəmədə T.Şahbaziyə ölüm hökmü çıхarılıb.
Şahbazinin ilk ədəbi əsərləri tərcümələr idi. Onun yaradıcılığında "Ədalətsizlik dünyasında", "Hacı-Salman", "Ağanın kənizi", "Qorxu altında" və s. əsərlər mühüm yer tutur. Bu əsərlərin başlıca mövzusu cəhalətə, gerilik və fanatizmə qarşı olmaqla, Şərq qadınının azadlığı uğrunda mübarizəyə həsr olunub.