Xalq artisti: “Bildim ki, bu, axırıncı görüşümüzdü…” - MÜSAHİBƏ | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Xalq artisti: “Bildim ki, bu, axırıncı görüşümüzdü…” - MÜSAHİBƏ

Mədəniyyət A- A A+

İstedadlı aktyor və rejissor Ceyhun Mirzəyevin xatirəsinə...

“Onu qucaqladım, ağladım. Bildim ki, axırıncı görüşdü. Çünki Ceyhun bərk yorulmuşdu. Elə bil içindən işığı sönmüşdü”. Bu sözləri Azərbaycanın xalq artisti Şamil Süleymanlı mərhum aktyor və rejissor Ceyhun Mirzəyevlə bağlı xatirələrini Eurasia Diary ilə bölüşərkən söyləyib.

 

DOSYE: Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, daha sonra Moskvada təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. 12 yaşı olanda isə "Ögey ana" filmində çəkilib. Psixoloji dram janrının elementlərini də ilk dəfə kinoya məhz Ceyhun Mirzəyev gətirib. Aktyor kimi 20-dən çox filmdə oynayıb. 

Xalq artisti bildirib ki, Ceyhun ömürlük Azərbaycan tamaşaçısının hafizəsində onun oğlu İsmayıl kimi qalacaq:

- Onun Tofiq Tağızadənin “Matteo Falkone” filmindəki rolu, "Əsl dost", "Qara qağayı" və s. filmlərdə oynadığı uşaq obrazları bu silsilədəndir. Hətta Karmen onun haqqında xüsusi ssenarilər yazılmalı olduğunu deyib. Kinodakı bu rollarından sonra Ceyhun rejissorluq fakültəsini bitirdi. Sonra kinostudiyada assistent və rejissor köməkçisi işləyərək, həm də kiçik rollarda oynadı və ifası ilə onlara öz möhürünü qoydu. Məsələn, “Yenilməz Batalyon”da Teymur obrazı və onun məşhur mahnısı kimi. “Dəli Kür”də necə gözəl oynayıb. “Əqrəb! Əqrəb!” ifadəsi yadınızdadır. Ceyhun Mirzəyevin oynadığı bütün rollar bu cür yaddaqalandır. Sonra isə özünü “Mozalan” satirik kinojurnalına bağladı. Orada fəaliyyətə rejissor assistenti kimi başladı, bədii rəhbərə qədər ucaldı. “Mozalan”da çoxlu sayda komik aktyorlar yetişdirdi. Bura onlar üçün istedadlarını sübut etmək üçün əsl sənət meydanı idi. Vaqif Mustafayev və mən onun köməkçisi idik.

Ceyhun Mirzəyevin rejissorluq və aktyorluq qabiliyyətindən də yüksəkdə hamının bilmədiyi istedadı vardı ki, bu da təqlidçilik idi. Allah eləməsin, kimsə Ceyhunun dilinə düşəydi... (gülür) Əgər kimisə təqlid etmək istəyirsənsə, gərək o adamı sevəsən, onu pis göstərməyəsən. Ceyhunda da bu vardı. Yadımdadı, o vaxt bizimlə işləyən, bu yaxınlarda dünyasını dəyişmiş Etuş işə gəlməmişdi. Moskvadan zəng etdilər ki, nəyəsə razılıq versin. Ceyhun o biri otaqda oturub Etuşun səsiylə elə danışdı ki, onu heç tanımadılar da. O, bu istedadını heç kimə göstərmirdi. Adamın üzünə bir dəfə baxan kimi, dinləyən kimi onun səsini eynən təkrarlayırdı. Hər dəfə onu görəndə deyirdi, oxumaq lazımdır. Ceyhunun həddən artıq çox yaxşı mütaliəsi vardı. Bölüşməyi çox sevirdi, son tikəsini də bölən insan idi. Otaqda iyirmi adam da olsaydı, almanı elə böləcəkdi ki, hamıya çatsın.  

Şamil Süleymanlı mərhum aktyorun ailəsi ilə bağlı da maraqlı xatirələr söyləyib:

- Ceyhun Mirzəyevun onu dəlicəsinə sevən həyat yoldaşı vardı. Lidiya milliyyətcə azərbaycanlı olmasa da, azərbaycan dilində çox ədəbi danışırdı. Biz Ceyhuna "Cek əmi" deyə qəribə ləqəb vermişdik. Sonra bunu eşitmişdi və xoşuna gəlmişdi. Onun həddindən artıq çox sevdiyi qızı da vardı. O, biologiya fakültəsinə girəndə Ceyhun çox sevinmişdi. Çox savadlı qız idi. Deyirdik, Ceyhunun qızıdı, girməlidir də. Deyirdi, “yox, bilirsən necədir. Bizim vaxtımız olmadı, bu uşağa müəllim tutaq, onun dalınca gedək, özü öz gücüylə gedib oxudu instituta girdi”.

Şəhərdə böyük mitinqlər keçirilirdi. Gördüm Ceyhun lap qıraqda dayanıb. Dedim, Cek niyə dayanmısan burda? Heç nə demədi. Kinostudiya tərəfə gedəndə fikirləşdi, bilirsən nə var… O axtarışda idi ki, bu vəziyyətdə nəsə eləsin, yaş da keçmişdi. Və bu zaman "Fəryad" filmi yarandı. Onu qucaqladım, ağladım. Bildim ki, axırıncı görüşdü. Çünki Ceyhun bərk yorulmuşdu. Elə bil içindən işığı sönmüşdü… 

 

Həmsöhbətimiz sonda C.Mirzəyevin “Fəryad” filmi ilə cəmiyyətə, dünyaya mesaj verdiyini bildirdi:

- Biri var Ana Vətən, biri də var Ana Vətənin harayı (kövrəlir) "Fəryad" filmində Ana Vətən çağırır. 1941-ci ildə sovet plakatı vardı: “Ana Vətən çağırır”. Ceyhun o səsi Azərbaycana eşitdirdi. O səs İsmayılı çağırırdı... 

***

 

Qeyd edək ki, “Fəryad” filmi Qarabağ müharibəsinə həsr olunmuş ilk ekran əsəridir. Ceyhun Mirzəyev bu filmində obrazı yaşayaraq oynayıb. Filmin həm rejissoru olub, həm də aktyor kimi çəkilib. Lakin filmin premyerasını görmək ona qismət olmayıb. C.Mirzəyev 1993-cü il martın 5-də qəflətən dünyasını dəyişib.  

Gülnar Səlimova 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...