Məlumat verildiyi kimi, Meksikanın Azərbaycandakı Səfirliyi ardıcıl üç ildir ki, Frankofoniya Həftələrində iştirak edir. Bu dəfə, Meksika ədəbiyyatının üç görkəmli nümayəndəsində fransız dili və mədəniyyətinin təsiri mövzusuna toxunuldu. Aprelin 11-də Azərbaycan Dillər Universitetində Meksika səfiri Rodriqo Labarini tərəfindən Alfonso Reyes, Oktavio Pas və Karlos Fuentesin yaradıcılığına həsr olunmuş konfrans təqdim olundu.
Səfir təqdimatında dost olmuş, əsərlər yaratmış və Meksikanın Fransadakı diplomatları kimi fəaliyyət göstərmiş hər üç müəllifin oxşar cəhətlərini araşdırdı. Bundan əlavə qeyd etdi ki, zamanla fransız mədəniyyəti Meksikanın memarlıq, mətbəx, dəbdəbə və əlbəttə ki, ədəbiyyatı kimi müxtəlif sahələrində əks olundu.
Tədbirin ikinci hissəsində Azərbaycan Dillər Universitetinin tələbələri meksikalı müəlliflərin ispan dilində yazılmış və onların fransız dilinə tərcümə edilmiş şeirlərini, eləcə də nəsr əsərlərin fraqmentlərini duyğusal şəkildə səsləndirib, tədbir iştirakçılarının ədəbi zövqünü oxşadılar.