Ərəb şeirinin janrları - Aida Qasımova | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


Ərəb şeirinin janrları - Aida Qasımova

Mədəniyyət A- A A+
Aida QASIMOVA 
Professor 
Ərəb şeirinin janrları çox rəngarəngdir. V əsrdən başlayaraq formalaşmış bu janrlar uzun əsrlər boyu digər Şərq xalqlarının ədəbiyyatına böyük təsir göstərib. 
 
Ümumiyyətlə, janr anlamı ərəb ədəbiyyatında Azərbaycan ədəbiyyatşünaslığında bildiyimiz mənadan bir qədər fərqli xarakter daşıyır. Ərəb ədəbiyyatında janrlar daha çox məzmun kateqoriyasına daxildir. Azərbaycan, eləcə də, fars və türk ədəbiyyatlarında janr, həm də forma ilə bağlıdır. Məsələn, fars və türk ədəbiyyatlarında qəzəl məhəbbətdən bəhs etdiyi kimi, başqa mövzuda da yazıla bilər; Füzulinin "Söz" rədifli qəzəli buna misaldır. Amma ərəb ədəbiyyatında əgər şeir məhəbbəti tərənnüm edirsə, o, hansı formada olmasından asılı olmayaraq, qəzəl, təşbib və yaxud nəsib sayılır. Bununla belə, şeirin janrla adlanmasında çox vaxt forma amili əsas götürülür. Məsələn, ibn Zeydunun (v. 1071) məhəbbətə həsr olunmuş məşhur "nuniyyə"si qəsidə formasındadır. Bu səbəbdən, ərəblər bu şeirə "nuniyyə qəsidəsi" deyirlər. Bəzən də həm forma, həm də janr yanaşı anılır. Məsələn, ibn əl-Mutəzzin xəlifə Mutəmid Billahı mədh etdiyi urcuzə. Burada urcuzə şeirin formasını, yəni qoşa qafiyə sisteminə əsaslanmasını, mədh isə onun məzmununu bildirir.
 
Ümumi qəbul olunmuş mülahizəyə görə, hələ İslamdan öncə ədəbi nümunə kimi ilkin olaraq səc yaranmışdır. Səc Quran-i Kərimin üslubuna yaxın qafiyəli, vəznli nəsr nümunəsidir. Ərəb kahinləri ekstaz yaşantılarını, dualarını səclə ifadə edirdilər. Sonrakı mərhələdə rəcəz şeiri yaranır. Rəcəz kiçik həcmli (təx.3-7 misra) şeirlərə deyilir. Vahid qafiyə sisteminə (a, a, a, a...) əsaslanan rəcəzin ölçü vahidi beyt deyil, misradır. Rəcəz həm də əruzun bəhrlərindən biridir. Rəcəzə yaxın forma hər bir beytin ayrılıqda qafiyələndiyi urcuzə şeiridir. Buna məsnəvi də deyilir. Qoşa qafiyə sisteminə əsaslanan (aa, bb, cc ...) bu şeirlər şairə sərbəstlik verdiyindən, iri həcmli əsərlər (bəzən 300-400 beytlik) urcuzə şəklində yazılırdı. Xüsusilə, təlim və tədrislə bağlı olan bir sıra şeirlər urcuzə formasında, qoşa qafiyə ilə yazılmışdır.
 
Çətin sənət növü sayılan qəsidə ilə müqayisədə rəcəz/urcuzə asan təsir bağışladığından, ərəblər əsl sənətkarlığı, şairliyi vahid qafiyəyə əsaslanan, aa, ba, ca sistemi ilə qafiyələnən qəsidə ilə əlaqələndirmişlər. Ona görə də, onlar qəsidə yazanlara şair, rəcəz yazanlara raciz deyirdilər. Təsadüfi deyil ki, Əbu l-Əla əl-Məərri (v. 1057) "Risələt əl-ğufran" əsərində cənnətin təsvirini verərkən şairləri cənnət qəsrlərində, racizləri isə cənnətin kənarındakı komalarda yerləşdirir.
 
Rəcəz şeirlərinin, xüsusilə onun Cahiliyyət dövründə yaranan nümunələrinin ərəb leksikoqrafiyasının inkişafına böyük töhfəsi olub. Çünki bu şeirlərdə ğarib (arxaik) sözlərə geniş yer ayrılırdı. Bu səbəbdən, Quranın çətin anlaşılan sözlərinin izahında da rəcəz şeirinə xüsusi əhəmiyyət verilir. Rəcəz və urcuzə də qəsidə və qitə kimi müxtəlif mövzularda ola bilər.
 
Urcuzədən fərqli olaraq, qəsidə və qitələr vahid qafiyə sisteminə (aa, ba, ca..) əsaslanır. Qeyd edək ki, bütün əsər boyu bir qafiyə sisteminin gözlənilməsi şairdən böyük məharət tələb edir və qəsidənin həcmini istər-istəməz məhdudlaşdırırdı. Bu işdə şairlərə kömək etmək üçün bəzi dilçilər lüğətlərini sözün son hərfi əsasında tərtib edirdilər ki, qafiyə axtaran şairlər istədikləri qafiyə ilə olan sözü burada asanlıqla tapsınlar.
 
Qəsidə ərəb ədəbiyyatında ən geniş yayılmış şeir formasıdır. Qəsidə ilə qitə arasındakı fərq onların həcmi ilə müəyyənləşir; qəsidə daha böyük olub bəzən yüz beyti belə əhatə edə bilər. Qitələr daha kiçik həcmlidirlər. Qitə adətən bir mövzunu əhatə edən kiçik şeir parçalarıdır. Qeyd etmək lazımdır ki, qitə ilə qəsidənin sərhəddini müəyyənləşdirən konkret beyt sayı göstərilmir. Qəsidədə eyni zamanda, bir çox şeir janrları əks olunur. Bu, politematik sinkretik qəsidədir. Bununla belə, bir mövzunu əhatə edən monotematik qəsidələr də var.
 
Qeyd etdiyimiz kimi, ərəb ədəbiyyatında janr məzmunla müəyyənləşir. Ərəblər janr anlamını "sənət növü" mənasında olan fənn və "məqsəd" anlamına gələn ğarad sözləri ilə ifadə edib. Ən geniş yayılmış janr mədhiyyədir. Hələ Cahiliyyət dövründən bu janrın ictimai fikrin formalaşmasına mühüm təsiri olub. Mədhiyyə janrında şair müxtəlif şəxsləri tərif edir, onlara bir sıra gözəl xüsusiyyətlər aid edir. Cahiliyyət dövründə bu xüsusiyyətlər məkarim əl-əxlaq (əxlaq gözəllikləri) və muruvva (mərdlik, kişilik) anlamları ilə ifadə edilirdi. Şair mədhiyyəni öz qəbiləsinin və yaxud başqa qəbilələrin üzvlərinə həsr edə bilərdi. İlk vaxtlar mədhiyyə sidq ürəkdən yazılan bir şeir idi. Zaman-zaman bu janr qazanc vasitəsinə çevrilir. Mədhiyyə, xüsusilə, saray poeziyasının əsas janrı olur. Ərəb şeirinin saraylara hələ İslamdan öncə yol açması da qeyd olunmalıdır. Ərəbistan yarımadasında yaranan vassal dövlətlərinin başçıları öz şöhrətləri üçün saraylarına onları mədh edən şairlər dəvət edirdilər. Ləxmilərin və Ğəssanilərin Hirə və Cəllikdəki saraylarında Nabiğə əz-Zubyani, Hassən ibn Səbit, əl-Əşə kimi şairlər toplanmışdı. Ərəb mədhiyyəsinin inkişafında məhz bu şairlərin böyük rolu olub. Mədhiyyələrdə hədsiz mübaliğələr işlədilir, məmduha bir sıra müsbət xüsusiyyətlər aid edilirdi. Nabiğə əz-Zubyaninin Hirə hökmdarı Numən ibn Munzir barədə söylədiyi bəzi obrazlı ifadələr etalon nümunə sayılıb sonrakı şairlər üçün uzun müddət təqlid obyekti olur:
 
Sən bir günəş, başqa hökmdarlar isə ulduzdur. Günəş çıxanda ulduzlar görünməz olur.
 
İlkin İslam dövründə Məhəmməd peyğəmbərə mədhiyyələr həsr edilir. Bu şeirlər sonradan, xüsusilə, fars və türk ədəbiyyatlarında, nət (təsvir) adlanır. Məhəmməd peyğəmbərə həsr edilən bəzi mədhiyyələrdə bədii təsvir və ifadə vasitələrinə geniş yer verilir. Bu cür mədhiyyələrə bədiiyyat deyilir. Bədiiyyat şeirinin əsas xüsusiyyəti bütün beytlərdə bədii təsvir və ifadəyə yer ayrılması, hər bir beytdə işlənən poetik fiqura həmin beytin özündə işlənən bir sözlə gizli işarə edilməsidir. Bu janrda XIII əsr şairləri əl-Busiri və Səfiyəddin əl-Hilli xüsusi məharət göstəriblər. Sonrakı mərhələlərdə şairlər xəlifələrə, vali və əmirlərə xeyli mədhiyyələr demişlər. Mədh edilən şəxsin ilk növbədə igidliyi, səxavəti, doğruculluğu, cəsurluğu, İslam yarandıqdan sonra isə onun səbri, imanı, təqvası təriflənirdi. Nüfuzlu şairlər (məsələn, Nabiğə əz-Zubyani, Mütənəbbi) yalnız hökmdarları mədh etmələrini bildirir, adi adamları, bəzən hətta vəzirləri belə tərifləməyi özlərinə sığışdırmırdılar. Amma ehtiyac üzündən gənclik illərində hətta soğan satanlara da mədhiyyə deyənlər olub. Mədhiyyə janrının bir ədəbi nümunə kimi əhəmiyyəti onun tarixi hadisələri əks etdirməsi ilə müəyyənləşir. Məsələn, Əbu Təmməmin (v. 846) xəlifə Mutəsim Billaha həsr etdiyi mədhiyyələrdə xəlifənin apardığı bir çox döyüşlərin təsviri yer alır. Eləcə də, Mütənəbbi poeziyasını Həmdani əmiri Seyf əl-Dövlənin hökmdarlıq illərinin tarixi xronikası adlandıra bilərik. Bu mənada mədhiyyə janrının böyük tarixi əhəmiyyəti var.               
 
Ərəb alimlərinin fikrincə, bir çox janrlar elə mədhiyyədən törənib. Məsələn, fəxriyyədə şair özünü, öz qəbiləsini tərif edir. Cahiliyyət ərəbinə xas qürur, yekəxanalıq, başqalarını alçaldıb özünü tərifləmək kimi xüsusiyyətlər bu janrda əks olunub. VI əsrdə Əmr ibn Kulsum, Əntərə ibn Şəddad, Şənfəra kimi şairlər bu janra meyl göstərib. Əsas fəxr mövzusu igidlik, qorxmazlıq və səxavət idi. Fəxriyyə şeirində şairin qəbiləsinin tərifi xüsusi önəm daşıyırdı. Amir ibn Tufeyl öz qəbiləsini belə tərifləyirdi:
 
Yer üzü Qeys Aylan qəbiləsindən və onun sakinlərindən ibarətdir. Onun əraziləri, düzənləri və dağları bu qəbiləyə məxsusdur.
 
Bizim şöhrətimiz ən uca səmalara çatıb. Göylərin aydın üfüqləri də, buludları da bizimdir.
 
Fəxriyyə sahibi döyüş meydanında düşmən qanı tökməsi, acları doyuzdurması, yetimlərə himayədarlıq etməsi ilə öyünürdü. Şairlər bəzən də öz sənətkarlıq qabiliyyətləri ilə fəxr edir, özlərini şair kimi digərlərindən üstün tuturdular. Mütənəbbinin yaradıcılığında fəxriyyənin mükəmməl nümunələrini görürük. Şair öz poeziyası ilə fəxr edir və qürurla dəhrin (qəzav-ü qədərin) belə özünün ravisi olduğunu bildirir:
 
Dəhr mənim qəsidələrimin ravisindən başqa bir şey deyil. Əgər bir şeir desəm dəhr özü onu söyləyər.
 
Mədhiyyədən qaynaqlanan janrlardan biri də mərsiyə - risədir. Mərsiyədə tərif və kədər qoşa addımlayır; burada dünyasını dəyişmiş şəxsə bir çox təriflər söylənilir, eyni zamanda, onun vəfatından doğan kədərin böyüklüyü göstərilir. Adətən, qəm-qüssəyə qlobal don geydirilir, göylərin, qayaların, dağların belə ağlamasından söhbət gedir. Cahiliyyət dövrü poeziyasında şair Mühəlhilin qardaşı Kuleybə və şairə əl-Xənsanın qardaşları Saxr və Muaviyəyə həsr etdiyi mərsiyələr mükəmməl nümunə sayılıb:
 
Göyərçinin nəğməsini eşidərkən Saxrı xatırladım. O, kolluqdakı budaqlardan birinə qonub qəmli səclə nəğmə oxuyurdu.
 
Mən onu dinləyərək acı göz yaşlarımı axıdırdım. O, mənə qəlbimi parça-parça edən (əhvalatları) xatırladırdı.
 
Bu nəğmə mənə Saxrı xatırladırdı. Onsuz dərələr, qayalar, səhralar, çöllər alt-üst olub.
 
Görürəm ki, dəhr oxlarını tuşlayıb insanları vurur; dəhrin sui-qəsdindən hələ yaxa qurtaran olmayıb.
 
Bir zamanlar o, səxavətin qayası - Saxr idi. İndi torpağa qarışdı. Bir zamanlar o da gah zərərə düşür, gah da mənfəət tapırdı.
 
Ləbid ibn Rabiə, Cərir ibn Atiyyə, ibn ər-Rumi kimi şairlər bu janrda ailə üzvlərinin vəfatından doğan kədərlərini ifadə ediblər. Bəzən də, hökmdarın yaxın adamlarına mərsiyə deməklə müəyyən mənfəət güdülürdü. Şairlərin özlərinin vəfatına da həmkarları tərəfindən çoxsaylı mərsiyələr deyilirdi. Məsələn, Əbu l-Əla əl-Məəri dünyasını dəyişərkən, onun qəbri üzərində 80 şair mərsiyə oxumuşdur
 
Şauqi Dayfın fikrincə, ərəblərin ilk söylədiyi şeirlər mərsiyə olub. Onlar çox vaxt rəcəzdə, bəzən də qitə şəklində əzizlərinin vəfatından doğan kədərlərini ifadə edirdilər. İlk şeir nümunələri sırasında həcvdə qeyd edilir. Sözün güclü təsir qüvvəsinin mövcudluğuna inanan ərəblər elə zənn edirdilər ki, həcv onlara zərər yetirə bilər. Bu səbəbdən, həcvə həcvlə cavab verirdilər. Həcv mədhiyyənin tam əksidir. Şair həcvi özünün və öz qəbiləsinin düşmənlərinə ünvanlayır, düşmənin qorxaqlığını, yalançılığını, xəsisliyini həcv edirdi. Həcvdə bu keyfiyyətlər həqiqəti əks etdirdiyi kimi, uydurma da ola bilərdi, amma ərəblər bu janra çox maraq göstərirdi və hər bir kəs həcv olunmaqdan qorxurdu, çünki həcv dildən-dilə gəzir, həmin şəxs hörmətdən düşürdü. Hətta həcvə görə yaşayış yerini dəyişənlər də olub.
 
Ərəblər qədim zamanlarda həcvə ayin xarakteri verirdilər. Bir kəs həcv deyəcəkdisə, kahinlər kimi ağ paltar geyinərdi. Onlar saçlarını qırxıb başlarını yağlayar, yalnız bir ayaqlarına ayaqqabı geyinərdilər. Bu proseslə həcc ayini arasında bəzi yaxınlıq görürük. Bu, əlbəttə, həcvin sehrli təsir gücünü artırıb düşmənə sözün gücü ilə ziyan vurmaq məqsədi ilə edilirdi.
 
Əməvilər dövründə həcvin yeni növü yaranır; bu naqaid şeiri idi. Burada iki şair bir-birini həcv edir, bir həcv o birinə cavab olaraq yazılırdı. Naqaiddə həcvlə yanaşı fəxriyyə və mədhiyyə ünsürləri də yer alırdı; şair bir şeir daxilində düşməni həcv edir, özünü və yaxınlarını tərifləyirdi. Bəzən gənc şairlər məşhurlaşmaq üçün adlı-sanlı şairləri həcv edirdilər. Bəşşar ibn Burd (v. 784) deyirdi: "Mən on yaşımda olarkən, Cəriri (v. 729) həcv etdim, amma uşaq olduğumdan, o, məni şair hesab etmədi və cavab vermədi. Cavab versəydi, mən çox tez şöhrət tapardım". Həm qəbəli həcvdə, həm də naqaiddə bəzən söyüş xarakterli ifadələr işlənirdi. Bu cür ifadələri şairlər həcv etdikləri dövlət adamlarına, xəlifələrə aid etməkdən də çəkinmirdilər. Xüsusilə, şüubiliyə meylli Dibil əl-Xuzai (v. 860) və ibn ər-Rumi (v. 896) kimi şairlər Abbasi xəlifələrini təhqiramiz şəkildə həcv edirdilər. Ərəb poeziyasında vəfat etmiş şəxslərə ünvanlanan həcvlər də var. Adətən burada mərhumun vəfatından doğan sevinc ifadə edilir, onun günahları yada salınır və yerinin cəhənnəm odu olması bildirilir.
 
Ərəb ədəbiyyatı tarixində Mütənəbbinin Misir hökmdarı Kafura həsr etdiyi həcv - "dəliyyə" qəsidəsi həcv janrının mükəmməl nümunəsi sayılır; bu şeirdə şair həcvi yalnız bir fərdə qarşı ünvanlamayıb, həm də ictimai-siyasi bəlaların tənqidinə yönəldə bilir. Digər tərəfdən, Mütənəbbi özündə həcv elementləri gizlədən mədhiyyə janrında da məharət göstərir. Belə ki, Kafura həsr etdiyi mədhiyyədə şair məmduhunu "qara günəş" adlandırmaqla onun dərisinin qaralığına işarə edir, bununla da hökmdara bir zamanlar qara dərili bir kölə olduğunu xatırladırdı. Bu cür poetik ifadə "məzəmmət məqsədi güdülən, həcvə bənzəyən mədh" adlanır.
 
Ərəb şeirinin mühüm janrlarından biri də vəsfdir. Vəsfdə insan və təbiət, səhra bitkiləri və səhra heyvanları, ümumiyyətlə, ətraf təbiət təsvir olunur. Təbiətin kasıb olduğu Ərəbistan yarımadasında şairlər bu janra xüsusi önəm verir, təsvir obyektinin zəifliyini güclü bənzətmə və metaforlarla kompensasiya edirdilər. Əntərə ibn Şəddadın milçəyi təsvir etdiyi aşağıdakı parça buna misal ola bilər.
 
Milçək yağışdan gizlənib dayanmadan vızıldayırdı. Sanki sərxoş birisi zümzümə edirdi.
 
Vızıldıya-vızıldıya əllərini bir-birinə sürtürdü. Elə bil ki, əldən şikəst bir adam çaxmaq daşını bir-birinə sürtüb qığılcım yaratmaq istəyirdi.
 
Vəsfin bir neçə növü var. Ən geniş yayılmış təsvir növü obanı vəsf edən dəriyyatdır. Dəriyyatın ilk nümunələri bədəvi ərəbin tərk edilmiş obasının qalıqlarının (ətlal) təsvirinə həsr olunub. Bir qayda olaraq ərəblər qəsidəni belə bir təsvirlə başlayırdılar. Bu qalıqlar bəzən döymə naxışlara (tatu), bəzən də Zəbur, İncil kimi müqəddəs kitabların yazısına bənzədilirdi. Dəriyyat şeirinin sonrakı inkişaf prosesində memarlıq abidələri, qəsrlər, saraylar təsvir edilir. Bu janrın ən mükəmməl nümunələri Buhturi (v. 897) tərəfindən yaranıb.
 
Gül-çiçəyi təsvir edən şeirlər zəhriyyat və ya raudiyyat adlanır. Bu janrın əsas nümunələrini ərəblər qəzavatın ardınca İraq, Suriya kimi gül-çiçəkli diyarlarda məskunlaşdıqdan sonra yaradıb. Əbu Nuvas (v. 813) nərgiz gülünü belə vəsf edir:
 
Yer üzərindəki bu bitkilərə bax və hər şeyin Sahibi olan Allahın yaratdıqlarının izlərini gör.
 
Nərgiz gülünün gözləri sanki gümüş həlqəyə alınmış qızıla bənzəyir.
 
Onlar zümrüdə bənzər budaqcıqları ilə Allahın şərikinin olmamasına şəhadət edirlər.
 
Əbu Nuvasın bu beytləri barədə maraqlı rəvayət söylənilir. Deyilənə görə, şairin vəfatından sonra onu yuxuda görən dostlarından biri o dünyada halının necə olduğunu soruşur. Şair məhz yuxarıdakı şeirə görə Allah tərəfindən günahlarını bağışlandığını bildirir. Çünki şair burada bir çiçəyin təsviri ilə Yaradanın qüdrətini nümayiş etdirir. Raudiyyat-zəhriyyat janrında ibn əl-Mutəzz (v. 908) və əs-Sanaubəri (v. 945) də gözəl nümunələr yaradıb. Gözəl təbiətli Əndəlusun şairləri də bu janra biganə qalmayıb.
 
İsti səhra şəraitində ərəblər həsrətində olduqları yağışa, bulaqlara xüsusi ehtiyac duyurdu. Su ilə bağlı vəsflər məiyyat adlanır. Qəzavatdan sonra yağış və bulaqların vəsfinə çarhovuzların, çay və dənizlərin vəsfi əlavə olunur. Buhturinin xəlifə əl-Mutəzzin Hasnə çarhovuzuna həsr etdiyi şeir bu janrın gözəl nümunəsidir.
 
Hələ Cahiliyyət dövründən ov ərəbin həyatında mühüm yer tuturdu. Heyvandarlıqla yanaşı, ov da bədəvilərin azuqə əldə etmək vasitəsi idi. Sonrakı dövrlərdə ov əsas əyləncə vasitəsi kimi təsvir obyekti olur. Bu janr, yəni ov səhnələrini təsvir edən şeirlər tardiyyat və ya taradiyyat adlanır. Bu şeirlərin çoxu rəcəz formasında yazılırdı. Tardiyyat şeirində ovlanan heyvanların, ov itlərinin, ov şahinlərinin təsviri mühüm yer tutur. Bu janr Abbasilər dövründə daha da inkişaf edir, qəsidədən ayrılır və ayrıca tardiyyat şeirləri yaranır. Janrın mükəmməl nümunələrinə Əməvilər dövründə əl-Şəmərdalın, sonrakı dövrlərdə isə Əbu Nuvasın, İbn əl-Mutəzzin, Kuşacimin yaradıcılığında rast gəlirik.
 
Ərəb alimləri qadın gözəlliyini təsvir edən şeirləri də mədhiyyənin bir növü sayırlar. Bu şeirlər ya nəsib, ya da təşbib adlanır. Qadınla eşqbazlıq mövzusunda yazılan şeirlər qəzəl adlanırdı. Bu şeir növünə hələ Cahiliyyət dövründən Muraqqaş əl-Əkbərin, İmruu l-Qeysin, Ləbid ibn Rabiənin, Əntərə ibn Şəddadın və başqa şairlərin yaradıcılığında rast gəlinir. İmruu l-Qeys deyir:
 
Ey Fatimə, bu naz-qəmzəni bir yana qoy! Məni öldürmək istəyirsənsə, öldür!
 
Əgər xasiyyətim xoşuna gəlmirsə, onda məni qəlbindən çıxar at!
 
Özün də bilirsən ki, sənin eşqin məni öldürür. Qəlbimə nə əmr etsən, onu da edəsidir.
 
Cahiliyyət dövründə qəzəl kimi janrlar adətən qəsidənin tərkibində verilirdi, amma onun qitə - kiçik şeir parçası kimi müstəqil formasına da rast gəlinirdi. Əməvilər dövründə oturaq əhali və köçəri bədəvilər bu janrın iki fərqli növünü yaradır. Qəzəl qəsidənin tərkibindən çıxıb Taif, Məkkə, Mədinə kimi şəhərlərdə yaranan və real təsvirləri ilə seçilən hadari qəzəl və bədəvi ərəblər arasında, xüsusilə, Bənu Amir, Bənu Uzra kimi qəbilələrdə yaranıb romantik məhəbbəti tərənnüm edən üzri qəzəl kimi iki qola ayrılır. Şərq ədəbiyyatında "Leyli və Məcnun" poemaları üzri qəzəl şairi Qeys ibn Mulavvahın həyat hekayəti əsasında yaranıb.
 
Abbasilər dövründə qəzəlin başqa bir növü də yarandı. Bu, müzəkkər qəzəl idi ki, buna qılmaniyyə də deyilir. Bu janrda oğlan uşaqlarının tərifi və onlara olan məhəbbət öz əksini tapıb. Əbu Nuvasın ayrıca qılmaniyyat silsilə şeirləri də olub. Muslim ibn əl-Valid, Əbu Təmməm, Buhturi və bir çox başqa şairlər bu janrda qələmlərini sınayıblar. Ayrıca olaraq, Müdrik Şeybaninin (X əsr) xristian gəncinə həsr etdiyi romantik şeirlər bu janrın mükəmməl nümunəsi sayılır. Muslim ibn əl-Valid yeniyetmə gənci belə təsvir edir:
 
Ey dostum! Sevgidə heç bir eyb görmürəm. Məni abırsız sayıb danlamayın.
 
Qəlbi eşqdən az qala qanad açıb uçan necə səbr edə bilər?
 
Gözləri qara, dişləri parıltılıdır. Yanaqları sanki nar çiçəyinə bənzəyir.
 
Mən şərab içirdim, bu qara gözlü ceyran da mənə həmbadəlik edirdi. Lap uşaq idi. Mən uşaqları çox sevirəm.
 
Bu janr sonradan şərq ədəbiyyatında şəhraşub şeirlərinin yaranmasına təkan verib. Qılmaniyyə janrının sufi poeziyasına da böyük təsiri olub. Xüsusilə fars və türk ədəbiyyatlarında rast gəlinən şahid-bazi ənənəsi bu janrdan bəhrələnib.
 
Qəzəllə bağlı iki məsələni də qeyd etmək lazımdır. Bəzən şairlər öz düşmənlərinin qızları və bacıları barədə qəsdən açıq-saçıq şeirlər yazıb onları dilə-dişə salırdılar. Bu cür qəzəli həmin qızın qohumları qeyrətlərinə sığışdırmayıb, özlərinə qarşı yönəlmiş həcv hesab edirdi. Hassən ibn Səbitin oğlu Abd ər-Rəhman ibn Hassən xəlifə Muaviyənin qızı, Yəzidin bacısı Ramləyə açıq-saçıq şeir həsr edir:
 
O, qəvvasın dəniz dibindən çıxardığı mirvari kimi ağ və parlaqdır. O, sanki gizli bir mirvaridən xəlq edilmişdir.
 
Əgər onu kimə isə bənzətmək istəsən, şərəf və şöhrətdə heç bir nəcabətli ailənin qızı ona tay ola bilməz.
 
Yaşıl qübbəli bir evdə onu ağuşuma aldım. O, mərmər döşənmiş yerdə nazla yeriyirdi.
 
Rəvayətə görə, Ramlənin əxlaqını şübhə altına alan axırıncı beyt Muaviyəni olduqca əsəbləşdirmiş, o, hətta şairin qətlə yetirilməsi barədə düşünmüşdür.
 
Qadına həsr olunan şeirlərlə bağlı digər bir cəhət isə qəzəlin əksi olan məzəmmət ən-nisə janrının yaranmasıdır. Dibil əl-Xuzainin (v. 860) öz kənizi Ğəzələ, İbn Zeydunun keçmiş sevgilisi Vəlladəyə həsr etdiyi şeirlər buna misal ola bilər. Məzəmmət ən-nisə şeirləri arasında əl-Hutayənin (v.674) anasını həcv etdiyi şeir çox məşhurdur:
 
Ey qoca qarı! Allah cəzanı versin! Övladların üzünə ağ olsun!
 
Sanki bir xəlbirsən! Sənə sirr deyən kimi dərhal səpələyirsən. Söz-söhbət yayanları ocaq başına yığansan.
 
Övladlarının işlərinə qarışıb onları elə pis hala saldın ki, suyu süzülmüş dəyirmana döndülər (dəyirmanda üyüdüldülər).
 
Sağkən həyatın pisliklə doludur. Barı ölsəydin, insanlar dincələrdi.
 
Qeyd edək ki, əl-Hutayənin bu şeiri bəyənilməmiş, şairə bu cür bir şeir yazdığı üçün lənətlər yağdırılmışdır.
 
Alqamə əl-Fəhl qadınları məzəmmət janrında deyir:
 
Əgər məndən qadınlar barədə soruşsan, onların dərd-sərini bir həkim kimi bilirəm, deyərəm.
 
Əgər bir kişinin saçı ağarıb mal dövləti azalarsa, üzünə belə baxmazlar.
 
Onlar, bildiyimiz kimi, varlı kişi istərlər. Cavan oğlanlardan xoşlanarlar.
 
Abbasilər dövrünün mucun adlanan açıq-saçıq həyat tərzi, kef məclisləri başqa bir janrın da qəsidədən ayrılıb müstəqil inkişaf etməsinə təkan verdi. Bu şəraba həsr olunmuş xəmriyyə şeiri idi. İslam şərabı qadağan etdiyindən, şərab istehsalı və ticarəti xristianların, qismən də yəhudilərin monopoliyasında idi. Ona görə də xəmriyyə şeirlərində bir qayda olaraq monastrların adı çəkilir, xristian oğlanların saqi qismində təsviri verilir. Qeyd etmək lazımdır ki, bu janr ərəblərə hələ İslamdan əvvəl məlum idi. Cahiliyyət dövründə Əmr ibn Kulsum öz mualləqəsini oba qalıqlarının təsviri ilə deyil, şərabın vəsfi ilə başlayır. Həmin dövrdə əl-Əşə, sonrakı dövrdə isə əl-Əxtal və Valid ibn Yəzid bu janrın gözəl nümunələrini yaradır. Bir çox hallarda şərabın vəsfi daha geniş müstəvidə verilir; şərab məclisləri, həmbadələr, saqilər. müğənni və rəqqasələr də xəmriyyənin təsvir obyektinə çevrilir, xəmriyyə janrının qəzəl və qılmaniyyə ilə sinkretik vəhdətindən ibarət şeirlər yaranır. Xəmriyyə şeiri sonradan sufi poeziyasına da təsir edir; belə ki, burada şərab ilahi eşqin rəmzi sayılır. Həllac Mənsur, ibn əl-Farıd, ibn Ərəbi kimi sufi şairlər bu janrdan mistik məstlik halını tərənnüm etmək üçün bəhrələnirlər. Cahiliyyət dövründə bu janrın ustası əl-Əşə olub. Əl-Əşənin vəfatından sonra içki düşgünləri şairin məzarı başında şərab məclisləri düzənləyir, onun xəmriyyələrini söyləyir, içdikləri şərabdan qəbrinin üstünə tökməyi də unutmurdular. Əl-Əşə bu janrın ilk nümunələrindən şərabı dar çərçivədən çıxarır; onun şeirlərində şərab deyil, şərab məclisi, daha geniş mənada isə dünyəvi nemətlərə meyl təsvir və tərənnüm olunur:
 
Badənin rəngi təzə ətdən tökülən qan kimi idi. Onun ləzzətini səhər-səhər daddım və başqa şərab həvaskarları olmadan istəyimi söndürdüm. 
 
Qara-qırmızı rəngə çalırdı. O qədər tünd idi ki, az qala saxlandığı tuluq cırılacaqdı.
 
Onu içmək üçün sahillərini Fərat sularının yuduğu, şərab içilən kəndlərdən birinə gəldim.
 
Əgər könlündən şərab keçirsə, bil ki, səhər içilən şərab axşam içilən şərabdan fərqlidir.
 
Səhər şərabı qəlbimizi sıxır, bizi qəmləndiir, qayğılarımızı artırır, bitməz əziyyət verir.
 
Axşam içilən şərab isə bizə ləzzət verir. Bu şərabın nəşəsi səhər də duyulur.
 
Şərabı hər cür insanla içmişəm; həm zəngin, həm də dilənçi-yolkəsən həmbadəm olub. Mən ondan doyan deyiləm.
 
Şərabı bizə gətirən saqi tuluğunu daşın üstünə qoyub (badələrimizə) saf şərab süzdü.
 
Abbasilər cəmiyyətinin ikili xarakteri - bir yanda mucun adlanan ifrat sərbəstliyin, eyş-işrətə əsaslanan həyat tərzinin, o biri yanda isə ifrat dindarlığın mövcudluğu ikincinin təzahürü kimi zuhdiyyə şeirinə rəvac verdi. Zuhdiyyə şeirində tərkidünyalılıq təbliğ edilirdi. Qəbirlərin təsviri, ölümə müraciət, qəzav-ü qədərin amansızlığı bu şeirin əsas motivini təşkil edir. Zuhdiyyə şeirinin ən gözəl nümunələrini Əbu l-Atəhiyə yaratmışdır. Abbasilər dövründə inkişaf mərhələsini yaşayan bu şeir hələ Cahiliyyət dövründə yaranan hikmət şeirləri ilə sıx bağlı idi; hər iki poeziya nümunələrində talenin amansızlığı, ölümün labüdlüyü bildirilir. Hikmət şeirlərində hikmətamiz fikirlər, həyat fəlsəfəsi, müdriklik təbliğ olunur. Zuhdiyyələrdə isə tərkidünyalılıq, həyatın faniliyi, ölümün labüdlüyü, bədbinlik əsas yer tutur. IX əsr şairi İbrahim ibn Abbas əs-Suli (v. 857) deyir:
 
Dünyaya, insanlara görə kədərlənib təəssüf hissi keçirmə. Şübhəsiz ki, ölüm hamımızı fani edəcək.
 
Kimi ki, dünya neməti maraqlandırır, bir gün yığdığı sərvətdən əl çəkməli olacaq.
 
İnsan nə qədər sərvət toplasa da, nəfsi doymaz. Halbuki yaşayış üçün ona ən zəruri olan şeylər bəs edərdi.
 
Sən keşikçisi Rizvan olan Bəqa evi üçün çalış. Elə bir ev ki, sahibi mərhəmətli Allah, qonşusu isə Əhməddir.
 
Əsas şeir janrlarından biri olan həmasə qəhrəmanlıq, igidlik şeirləridir. Bu, ərəbin ruhuna olduqca yaxın bir şeirdir. Janrın ən gözəl nümunələrini ərəblərin əfsanəvi cəngavər şairi Əntərə ibn Şəddad yaradıb. Bu şeirlərdə döyüş səhnələri təsvir olunur, düşmənin sel kimi axan qanından, təşviş içində qaçmasından bəhs edilir, qılınc və qalxanların cingiltisi eşidilir, nizələrin parıltısı təsvir olunur.
 
Qəsidədə bu janrların bir çoxunun üzvi şəkildə birləşdiyini görürük. Qəsidənin vahid qafiyəyə əsaslanan bir şeir forması olmasını qeyd etmişdik. Onun ölçü vahidi, iki misradan ibarət beytdir. Həcmcə böyük olan qəsidə çox zaman politematik olub özündə bir çox janrları birləşdirir. Bununla yanaşı, monotematik qəsidələrə də rast gəlinir. Məsələn, Buhturinin "Siniyyə" qəsidəsi dəriyyat janrında olub Mədain xərabələrinin təsvirini verir. Eləcə də ibn Zeydunun yuxarıda qeyd etdiyimiz "Nuniyyə"si də monotemaik qəsidədir. Politematik qəsidəyə gəlincə, Orta əsr ərəb filoloqu ibn Quteybə onun quruluşunu belə təsvir edir:
 
Bəzi filoloqlara görə, şeir obaların (tərk edildikdən sonra), orada qalmış izlərin təsviri ilə başlayır. Şair göz yaşları axıdır, taleyindən şikayətlənir, oba qalıqlarına müraciət edir. O, yol yoldaşlarından (tərk edilmiş obanın xarabalıqları üzərində) ayaq saxlamağı xahiş edir ki, bir zamanlar burada yaşayanları yada salsınlar. Bu sakinlər bir zaman burada həyat sürsə də, sonra obanı tərk etməli olmuşlar; onlar su hövzələri, yağışdan sonra yaranmış otlaqlar axtararaq bir yerdən o biri yerə köçürdülər.
 
(Oba qalıqlarının təsvirindən sonra) şeirin nəsib hissəsi gəlir. Bu hissədə şair eşqinin şiddətindən, ayrılığın ələmindən, hədsiz şövq və ehtirasından bəhs edir. Bununla da o, (dinləyicilərin) qəlbini şeirinə cəlb edir, onları maraqlandırır, oxucu bu şeiri dinləməyə həvəslənir. Çünki eşq, məhəbbət insan qəlbinə yaxın hissdir, insan ruhunun ayrılmaz hissəsidir. Allah özü insanın xislətinə məhəbbət salmış, onu qadınlara meylli etmişdir. Çox az adam tapılar ki, hər hansı bir səbəbdən, bu hissləri duymasın, istər halal, istər yasaq tərzdə bir eşq yaşamasın.
 
Şair oxucunun diqqətini cəlb edib, dinlənəcəyinə əmin olduqdan sonra özündən bəhs edir; şairin fikrincə, onun özündən bəhs etməyə haqqı vardır. Şair gecələr yuxusuz qalıb səyəhət etməsindən, yol yorğunluğundan, gündüzün istisindən, dəvəsinin əldən düşməsindən şikayətlənir.
 
Bu hissədən, yəni yol boyu üzləşdiyi pislik və çətinliklərin təsvirindən sonra o, artıq mükafatlanmağın vaxtı çatdığını düşünür. Bu yerdə mədhiyyə, qəsidənin əsas hədəfi olan hissə gəlir.
 
İbn Quteybə göstərir ki, şair məmduhun tərifində mübaliğələr işlədir, onu göylərə qaldırır, onun digər insanlarla müqaysədə çox şərəfli olduğunu bildirir. Ədibin fikrincə, bütün bu hissələri söyləyərkən, məharətli şair mövzular arasındakı mütənasibliyə ustalıqla riayət edir. O, oxucunu yorub bezdirməmək üçün, heç bir hissəni uzatmamalı, vaxtlı-vaxtında bir mövzudan digərinə keçməyi bacarmalıdır. Amma o, həm də oxucunun marağını təmin etmədən bir mövzunu kəsib başqasına keçməməlidir. Şeirdə bu ənənə qorunmalıdır. İbn Quteybə göstərir ki, yeni dövrdə, yəni Abbasilər dövründə yaşayan şairlər də bu ənənəyə riayət etməlidir. Onlar dəvə əvəzinə mindikləri eşşəyi, səhranın bulanıq suları əvəzinə çayları, tikanlı kaktusun əvəzinə güllü-çüçəkli bağları təsvir etməməlidir.
 
XI əsrdən başlayaraq ərəb şeirində fars rübaisinə bənzəyən du-beyt şeirlər meydana gəlir. Xüsusilə, dini-mistik yönümlü şairlər (məsələn, ibn əl-Farıd) bu janra müraciət edirlər. Bu janrın fars rübailərinin təsiri altda yaranmasını zənn etmək olar.
 
Ərəb poeziyasında çox da geniş yayılmayan şeir formalarından biri də musammatdır. Musammat "sapa düzülmüşlər" anlamına gəlir. Musammat qəsidə və urcuzədən fərqli olaraq bənd əsasında yaranan (srtrofik, stanzaik) şeir növüdür. Musammatın geniş yayılmış qafiyə sxemi belədir:aaaa, bbb a, ccc a, ddd a.
 
Bəndlərdəki misraların sayı dörd olduğu kimi beş (bbbb a, cccc a,) və ya altı (bbbbb a, ccccc a,) da ola bilər. Bu şeir növü fars və türk ədəbiyyatlarındakı mürəbbe, müxəmməs və müsəddəd şeirlərinə çox yaxındır. Musammat formasında mədhiyyə, qəzəl, xəmriyyə və b. şeirlərə ras gəlinir. Ərəb ədəbiyyatında musammatın ilk nümunəsi Əbu Nuvasa aid edilir. Xəmriyyə janrında olan bu şeir 14 bənddən ibarətdir. Bu cür şeir formasına ibri ədəbiyyatında da rast gəlinir. Ərəb şeirinin formaya əsaslanan janrları içərisində Əndəlusda yaranmış muvaşşah və zəcəlin də xüsusi yeri vardır. Bu şeirlərin Avropanın trubadur nəğmələrindən və musammatdan törədiyini zənn etmək olar. Bu janrlarda da şeir bəndlər üzərində qurulur və bəndlər arasında nəqarətlər olur. Bu baxımdan, muvaşşah bir növ tərcibənd və tərkibbənd şeirlərini xatırladır. Məzmununa görə bu şeirlər müxtəlif janrlarda ola bilsə də, əsas üstünlük qəzəl və mədhiyyəyə verilirdi. Həm muvaşşah, həm də zəcəldə xərca adlanan son beytə xüsusi önəm verilirdi. Bəzən bu beyt dialektdə, başqa bir dildə (məs. yəhudi dilində) olur, bəzən də xərcada söyüş və s. kəskin ifadələr işlənirdi.
 
Janr bəhsimizin sonunda qeyd etmək istərdim ki, ərəb ədəbiyyatı, xüsusilə, qəsidə fars və türkdilli ədəbiyyatlar, o cümlədən, Azərbaycan ədəbiyyatı üçün daim bir model, nümunə olub, bu ədəbiyyatları mövzu, forma və ideyalarla təchiz edib. Bununla belə, qəsidə fars və türkdilli ədəbiyyatlarda həm linqivistik, həm də sosial durumdan irəli gələn bir sıra yeni xüsusiyyətlər kəsb edib. Fars və türk şairləri ərəb qəsidəsinin oba qalıqlarının təsvirini verən hissəsini baharın (bahariyyə), payızın (xəzaniyyə) ayrı-ayrı cisim və təbiət hadisələrinin (qələm, su, yağış, qızıl gül və s) təsviri ilə başlayır və yaxud şair qəsidənin nəsib hissəsini hikmətamiz-aforistlik parça ilə əvəz edirdilər. Fars və türk ədəbiyyatlarında geniş yer alan rədif elementinə klassik ərəb şeirində rast gəlinmir. Ərəb qəsidələrindən fərqli olaraq, fars-türk qəsidələrinin son beytində (məqtə) şairlər bir çox hallarda öz təxəllüslərini verirlər. Onlar bəzən qəsidələrin giriş hissəsini təcdid-i mətlə, mətlə-i dovvom, mətlə-i sovvom (mətlənin yenilənməsi, ikinci mətlə, üçüncü mətlə) adı altında bir neçə hissəyə bölürlər. Məs. Xaqani Şirvani, fars divanına daxil etdiyi ərəb qəsidələrində bu cür bir metod işlədir; Bağdadın tərifli vəsfinə həsr etdiyi qəsidədə şair təcdid-i mətlə, mətlə-i dovvom adı altında iki başlanğıc verir. Qəsidənin giriş hissəsinin bu cür hissələrə bölünməsi Azərbaycan şairlərinin yeniliyi idi. Bu yenilik onlara vahid qafiyə sistemindən yayınıb bir şeir daxilində müxtəlif qafiyəli parçalar işlətməyə imkan verirdi.
 
Fars-türk zəminində ərəb qəzəli də böyük dəyişikliklərə uğrayır. Yuxarıda qeyd etdiyimiz kimi, fars və türk qəzəllərinə forma ünsürləri (məqtə, mətlə beytlər, təxəllüs, beyt saylarının məhdudluğu) daxil olur. Gözəl anlamının Sufizmin təsiri ilə abstraktlaşması konkret ərəb adlarını (Hind, Suad, Zeynəb, Meyy və s.) mücərrədləşməyə müvafiq "həbib", "büt", "sənəm", "huri", "dilbər" sözləri və ya "o" ilə əvəz edir. Qəzəl məhəbbət şeiri olmaqla yanaşı, başqa mövzuları da əhatə edir.
 
Nə qədər qəribə səslənsə də, ərəblərin köçəri həyatı, xeymə və alaçıqları ilə poeziyaları arasında bir sıra bənzərliklər və ortaq sözlər olduğunu görürük. "Beyt" həm evi, həm də şeirdə iki misradan ibarət vahidi bildirir. Əbu l-Əla əl-Məərri deyir:
 
Gözəllik iki şeydə zühur edir: Şairlərin beytində və dəvə tükündən tikilən beytdə.
 
"Misra"sözü "qapı tayı" anlamındadır. Ərəb şeirinin əsas vəzni olan "əruz" həm də alaçığın ortasına vurulan dirəyi bildirir. Əruzla bağlı "vətəd" və "səbəb" kimi sözlər də bədəvi ərəbin alaçıq qurarkən işlətdiyi həlqə və kəndirləri bildirir. "Ev tikmək" mənası olan "ənşəə", "inşa" həm də "söz qoşmaq", "inşa yazmaq" anlamında işlənir. "Şeir" sözü ilə xeymələrdə işlənən dəvə tükü "şər" eyni kökdən (şin, ayn, ra) ibarətdir. Amma "şeir", "şair" sözlərinin mistik və fövqəltəbii yönümünü də unuda bilmərik. Şin, ayn, ra kökünün "duymaq", "hiss etmək" mənasına əsaslanan İbn Raşiq əl-Qayravanı deyirdi: "Şair ona görə "şair" (yəni duyan) adlanıb ki, o başqalarının hiss etmədiklərini duyub hiss edir".
 
Bu qədər...

525.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...