Bilirsinizmi ki, Bakıdakı Qız Qalası qədim dövrdə ağ rəngdə və qalın şkaturla örtülü olub? Onun kiçik parçaları yerin altında, İçərişəhərdə bərpa olunan hamamın daxili divarlarında qalıb. Qala divarının daxili tərəfində, əsas qapıdan solda Avstriyanın Atelier Erich Pummer GmbH şirkəti, XVII-XIX əsrlərdə şəhər sakinləri və qonaqların istifadə etdiyi antik hamamı bərpa edir. 2012-ci ilə qədər hamam 5-10 metr dərinliyində idi, yuxarısında yalnız asfalt və çuxurlar görünürdü.
Sovet dövründə bu ərazidə həbsxana kameraları olan hərbi obyekt var idi, sonra burada avtomobilləri təmir edirdilər. Qədim hamamın "bəxti gətirib", çünki o torpaqla örtülmüş vəziyyətdə qalıb və divarlardan müasir kanalizasiya və su borularını keçirərək hamamın yenidən istifadəyə verilməsi üçün burda qazıntı işi aparmaq istəyən də olmayıb.
Atelier Erich Pummer GmbH şirkəti Qoşa Qala Qapısının sol tərəfində qüllələri bərpa edir. Hamamın bərpa edildiyi ərazi isə hündür hasarlara alınıb.
"İçərişəhər"dəki hamamı Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Ekspedisiyasının əməkdaşları bel ilə qazıb üzə çıxarıblar. Ekspedisiyanın rəhbəri İdris Əliyev qazıntı işləri barədə Eurasia Diary-ə məlumat verib.
- Biz "Qoşa Qala Qapısı"nın sol tərəfindəki hamamın mövcud olması ilə bağlı tarixi məlumatlara əsaslanan tədqiqat aparmışdıq. Məlum oldu ki, hamam pis vəziyyətdədir, əvvəllər onun üzərində hərbi komandanlığa aid idarə yerləşib və bura kənar şəxslər girə bilməyib. Daha sonra Sovet ordusu və onun ardınca milli ordunun komandanlığı da bu yeri tərk edir. 2007-ci ildə "İçəri Şəhər" qoruğu yaradılıb.
"İçərişəhər" qoruğunun rəhbərliyi Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edərək qalanın daxilində bu ərazini araşdırmağı xahiş etmişdi və mənim rəhbərliyimlə Abşeron arxeoloji ekspedisiyası işə başladı. 2012-ci ildə burada qazıntılara başlamışıq, orta əsrlərə aid unikal hamam kompleksini tədricən üzə çıxarmışıq. Hamamın mərkəzi günbəzi və bəzi divarları yarıdağılmış halda olsa da bütövlükdə hamam yaxşı vəziyyətdə idi. Təmizləmə və qazıntı işləri 2,5 il davam etdi.
Göstərdiyimiz səylər nəticəsində Bakı və Abşeronun hamam mədəniyyətini öyrənməyə imkan verən hamam kompleksi açıldı. Burada suyun necə verildiyini, qızdırıldığını və qarışdığını görə bilərsiniz, hamamda hovuz, ayaqyolu və istirahət yerləri var. Burada tapılan rus əsgərlərinin çiyin qayışlarının parçaları, Şirvanşahlara, Bakı və Şamaxı xanlıqlarına aid sikkələr, soyuq silah, güllələr və top təkəri "İçərişəhər muzeyində qorunub saxlanır. Yenidənqurma işləri tamamlandıqdan sonra qədim hamamın muzeyini yaratmaq olar. Turistlər bu muzeydə Orta əsrlərdə şəhərin sakinlərinin və ağır səfərlərdən sonra əsas qapıdan keçib gələn qonaqların Bakıda necə yuyunduğu barədə öyrənmiş olacaqlar", İdris Əliyev deyib.