2 hektardan artıq ərazini əhatə edən Qaraçinar abidəsi Goranboy rayonu ərazisində yerləşir. Bu abidədə üç ölkədən - Fransa, İtaliya və Azərbaycandan olan ekspedisiyaçılar burada qazıntı işləri aparıb və bu ərazidə üç dövrü əhatə edən qədim mədəniyyət nümunələri aşkarlanıb.
Arxeoloji tədqiqatlar Eneolit dövründən Orta əsrlərədək bir neçə arxdoloji mədəniyyəti özündə əks etdirən çoxtəbəqəli qədim yaşayış yerində aparılır. Əldə edilən tapıntıların xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Eneolit və İlk Tunc dövrlərinə aid edilir. Burada Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi mədəniyyət nümunələri ilə yanaşı çiy kərpicdən dairəvi formada inşa olunan tikili qalıqları, küp qablar, müxtəlif heyvan sümükləri də aşkar edilib. İlkin tədqiqatlar göstərir ki, Goranboyun Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələridən biridir.
Arxeoloq Müzəffər Hüseynov tədqiqatın nəticələri barədə bunları deyib: “Bu il ki nəticələrimiz olaraq belə deyə bilərik ki, burada Kür-Araz mədəniyyət təbəqəsinin qalınlığı 3 metrə qədərdir. Gələcək qazıntılarımız ola bilsin ki, daha yeni nəticələr əldə etməyə imkan verər. Gələn ilki qazıntılarımızda Son Eneolit dövrü mədəniyyətinə aid nümunələr aşkar edə bilərik”.
6 min ilə yaxın tarixi olan qədim yaşayış yerində aşkarlanan maddi mədəniyyət nümunələri avropalı mütəxəssislərin daha çox diqqətini çəkib.
Fransadan olan mütəxəssis Culio Polumbi isə qeyd edib ki, “Burada bir neçə dövrlərə aid tapıntılar aşkar etdik. Tarixini və tərkibini öyrənmək məqsədilə bəzi nümunələri Fransaya göndərmişik. Ümumiyyətlə, bu kimi abidələr qədim insanların yaşayış tərzini, onların mədəniyyətini öyrənməkdə bizə çox kömək olacaq.”
İtaliyadan dəvət olunan topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri hazırlanır. Onu da qeyd edək ki, Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi tədqiqatların aparılmasına dair anlaşma memorandumuna əsasən Goranboy ərazisində arxeoloji tədqiqatlara başlanılıb.