"Şəki şəhərini bu gündən etibarən göz bəbəyi kimi qorumalıyıq. Şəhərin memarlığını, adət-ənənələrini qoruyub saxlamalıyıq. Şəki şəhəri tək şəkililərə məxsus deyil, bu, bəşəriyyətin bir incisidir. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan üçün qürurverici bir haldır".
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bunu UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-sessiyasının yekunlarına həsr olunan mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, bu, fövqəladə hal kimi Azərbaycan xalqının tarixində qalacaq.
Əbülfəs Qarayev həmçinin bildirib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasında yeni tövsiyələr də verilib: "Artıq Dünya İrs Komitəsinə birbaşa nominasiya verilə bilməyəcək. Bunlar ilk öncə komissiyaya təqdim olunacaq və komissiya kriteriyaları müəyyən edəcək. Bu təklif noyabr ayında Baş Assambleyada təsdiq olunacaq. Son 10 gün ərzində UNESCO-nun mütəxəssisləri Naxçıvan və Lənkərana səfər etdilər və bir neçə məkanla tanış oldular. Gələcəkdə həmin ərazilər iddiaçılar kimi Dünya İrs Komitəsinə təqdim olunacaq".
Ə.Qarayev əlavə edib ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak üçün 2300-dən çox nümayəndə Azərbaycana gəlib.
"Bu tədbirə ev sahibliyi etmək Azərbaycan üçün qürurverici bir haldır", -deyə nazir vurğulayıb.