Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Qarabağ müharibəsi qəhrəmanı Rafiq Quliyevin döyüş yoluna həsr olunmuş “Qarabağın Mixaylosu” sənədli filminin təqdimatı keçirilib.Tədbirdə QAT sədri Akif Nağı, filmin qəhrəmanının döyüş yoldaşları İdris Əhmədov, Bəşir İsmayılov, iş yoldaşları Əliqulu Quliyev, Nadir Bağırov, Qarabağ qaziləri Əkbər Rüstəmov, Rəhman Cəfərov, gənc hərəkatçı Vasif Zəkaraylı, tədqiqatçı Nazim Tapdıqoğlu, QAT Ali Məclisinin sədri Barat İmani, QHT rəhbəri Amina Vəliyeva və digərləri çıxış ediblər. Sonra filmin qəhrəmanı Rafiq Quliyev çıxış edərək təşəkkürünü bildirib. Daha sonra filmin bir hissəsi nümayiş etdirilib. Rafiq Quliyev Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə “Mixaylo” ləqəbini qazanıb, əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan Rafiq Quliyev doğma kəndinin müdafiəsində fədakarlıqla vuruşub, 30-a qədər erməni quldurunu məhv edib, Qaradağlı faciəsinin bütün dəhşətlərini, 45 günlük əsirlik həyatının acılarını yaşayıb, əsirlikdən sonra yenidən Ağdam –Xocavənd istiqamətində döyüşüb. Rafiq Quliyev indi də Qarabağın azadlığı naminə mübarizəsini davam etdirir, Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin üzvü kimi fəaliyyət göstərir.
“Qarabağın Mixaylosu” filminin ideya müəllifi Kərəm Səfərov, rejissoru Taleh Ələsgərov, ssenari müəllifi Rəqsanə Məmmədova, operatoru Sakitdir. Film Qarabağ Azadlıq Təşkilatı və Azərbaycan Tribunası qrupunun maddi və mənəvi dəstəyi ilə çəkilib.