Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalında canlı yayımda "Bütün dillərdə" proqramının qonağı olub.
Verilişin əsas mövzüsü, Azərbaycanla Misir arasında tarixi əlaqələri özündə ehtiva edən Seymur Nəsirovun “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərinin səyləri” mövzusunda doktorluq dissertasiyası olub.
S. Nəsirov Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin Azərbaycana köçdüyünü qeyd edib. Azərbaycanda insana Misir adı qoyulduğunu qeyd edən diaspor sədrinin bu sözləri qarşı tərəfin böyük marağına səbəb olub. Tədqiqatçı “Koroğlu” dastanında Misri qılıncın qeyd olunmasını, Azərbaycanda çoxlu sayda ərəb adlı kəndlərin və Azərbaycan dilində 6 mindən çox ərəb mənşəli sözlərin mövcudluğunu iki xalq arasında qədimdən bəri möhkəm əlaqələrə bariz nümunə kimi dəyərləndirib.
337 səhifədən ibarət olan dissertasiya işində 146 mötəbər ərəb mənbələrinə istinad edərək 150-dən çox azərbaycanlı alim haqqında yazılmışdır. Eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və əzəli torpaqları haqqında ətraflı şəkildə qeyd olunmuşdur.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söhbət açan natiq bildirib ki, Azərbaycan diasporu iki ölkə arasında əlaqələrin inkişafına çox böyük töhfələr verib.
Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb.
Azərbaycanın turizm potensialından geniş söhbət açan təşkilat rəhbəri son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini bildirib.
45 dəqiqədən çox davam edən verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.