Bu gün yerli vaxtla saat 18:00-da Özbəkistan Yazıçılar Birliyində Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş "İki Xalq İftixarı" sənədli filminin qala gecəsi keçirilib.
Özbəkistan Kinematoqrafiya İttifaqından EDNews.net-ə verilən məlumata görə, sənədli filmlər silsiləsinin premyeraları Kinematoqrafiya İttifaqı tərəfindən Daşkənd Beynəlxalq "İpək Yolunun İncisi" Film Festivalı çərçivəsində təşkil olunub.
"İki Xalqın iftixarı" sənədli filmi "First art media" studiyası tərəfindən Kinematoqrafiya İttifaqı və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə çəkilib.
Qeyd edək ki, bundan əvvəl Babur, Abdulla Aripov və Qafur Gulyamın həyat və yaradıcılığından bəhs edən sənədli filmlərin nümayişi keçirilib. Sentyabrın 29-dək Oğaxi, Çulpan, Abdulla Kodiri, Oybek və digər yazıçılar haqqında sənədli filmlərin premyeraları olacaq.
“İki xalqın iftixarı” filminin çəkilişləri Maqsud Şeyxzadənin doğulduğu Ağdaşda, eləcə də İsmayıllı rayonunda, İçərişəhərdə aparılıb.
“Özbək ədəbiyyatının “Şekspiri” adlandırılan dahi azərbaycanlı Maqsud Şeyxzadə barədə filmin çəkilişlərinə Beynəlxalq Avrasiya Mətbuat Fondu da öz töhfəsini verib. Sənədli filmin bəzi hissələri BAMF-ın bilavasitə yardımı və təşkilatçılığı ilə Pirallahı rayonunda dəniz sahilində kamera yaddaşına köçürülüb.
Sənədli filmdə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun Azərbaycan və özbək xalqlarının ədəbiyyatına verdiyi töhfə, yaratdığı ölməz əsərlər öz əksini tapır. Filmdə həmçinin, Azərbaycan və Özbəkistan dövlətləri arasında dostluq əlaqələri, iki ölkə liderləri arasında baş tutan görüşlər təsvir edilir.
Sənədli filmin prodüseri Toxir Qoçqorbekov EDNews.net-ə açıqlamasında sənədli filmin böyük maraq doğurduğunu bildirib. O, qeyd edib ki, filmə daha öncədən baxan münsiflər əminliklə onun birinci yerə layiq olduğunu vurğulayıblar. Toxir Qoçqorbekov artıq Maqsud Şeyxzadənin həyatı ilə bağlı fərqli layihə üzərində də işlər başladığını qeyd edib. Onun sözlərinə görə, artıq dahi azərbaycanlı ilə bağlı bədii filmin çəkilməsi barədə də sifariş alıblar və bu layihənin həyata keçirilməsi işləri gedir.
Prodüser daha bir sevindirici xəbəri də açıqlayıb. O, qeyd edib ki, bütün keçmiş SSRİ məkanında məşhur olan və sevilən “Yalla” qrupunun Bakıya qastrol səfərini təşkil etmək istədiyini bildirib. Qrupun rəhbəri Farrux Zakirov razılığını verib və koronavirus pandemiyası imkan verən kimi qastrol səfəri təşkil ediləcək.