Çinin ənənəvi bayramlarından biri olan “Payızın ortası” və ya Ay festivalı bu il sentyabrın 21-nə təsadüf edir.
EDNews.net AZƏRTAC-a istinadən xəbər verir ki, Şərq ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan bu bayramın Şan sülaləsinin hakimiyyəti dövrünə, təxminən 3 min əvvələ gedib çıxsa da, geniş şəkildə Tan sülaləsi dövründən - 7-ci əsrdən qeyd olunur. Bayramın yaranmasına dair bir neçə fərqli rəvayət var. “Payızın ortası” festivalı ay təqvimi ilə yeni ildən sonra Çində ən mühüm 2-ci ənənəvi bayram hesab olunur. Başqa adla “Ay çörəyi” adlanan bayramda ayabənzər şirniyyatların hazırlanması və paylanılması ənənəsi var.
Həmrəylik xarakteri daşıyan bu bayramı ailə üzvləri, yaxın qohumlar, dostlar bir yerə toplaşaraq qeyd edirlər. Bundan başqa, Ay festivalı günlərində həm də məhsul bayramı qeyd olunur. Tarixən kənd təsərrüfatının, əkinçiliyin geniş yayıldığı Çində insanlar bol-bərəkətli məhsul yığımını elliklə qeyd etməyə üstünlük veriblər. Yaz-yay aylarının əziyyətinin bol məhsul əldə etməklə başa çatması insanların sevincinə, bu sevinc isə müxtəlif şənlikləri əhatə edən məhsul bayramın yaranmasına səbəb olub.
Qeyd edək ki, bu bayram günlərində insanların valideynlərini, doğmalarını ziyarət etmək və 3 günlük bayram tətilindən yararlanaraq tətilə getmək istəyənlərin sayının çoxluğu səbəbindən nəqliyyatda sıxlıq müşahidə olunur. Hökumət COVID-19 pandemiyası ilə əlaqədar əhalini şəhərlərarası səyahətlərdən mümkün qədər çəkinməyi tövsiyə edib.
“Payızın ortası” bayramı Çin ilə yanaşı, müxtəlif adlar altında və adət-ənənələr əsasında Koreya yarımadası, Yaponiya, Vyetnam, Sinqapur, Malayziya, İndoneziya, Filippin və digər ölkələrdə də qeyd edilir.