Moskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEO - ednews.net

9 Dekabr, Cümə axşamı

Moskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEO

Mədəniyyət A- A A+

Azərbaycanda nar təkcə ölkənin milli rəmzi deyil, bu "kral meyvəsinə" ayrıca bayram da həsr olunur - ənənəvi olaraq, oktyabr ayında, məhsul yığılan günlərdə keçirilən Nar Festivalı 2020-ci ildə Nar bayramı UNESCO-nun mədəni irsi siyahısına daxil edilib.

EDNews.net xəbər verir ki, Azərbaycan mədəniyyətinə həsr olunan rəngarəng bayramın ab-havasını bu gün Rusiyanın paytaxtı Moskvada da hiss etmək mümkündür.

Belə ki, oktyabrın 27-də Arbat küçəsində yeləşən "Caspian" milli mətbəx restoranı qonaqlarını Nar bayramı ilə tanış edib. Tədbirin ideya müəllifi rəssam, sahibkar və ictimai xadim olan həmyerlimiz Aleksandr Dilbazidir.

Bayram məşhur "Ginza Project" restoranlar şəbəkəsi ilə birgə, "Ginza Project Moskva" şirkətinin baş direktoru Maksim Polzikovun iştirakı ilə "Caspian" restoranında təşkil olunub.

Həmin gün köhnə Arbatın ən gözəl malikanələrindən biri "nar bağına" çevrilib. Qonaqlar üçün bölgənin mədəniyyət və adətlərini milli mətbəx, orijinal içki və canlı musiqi vasitəsilə ortaya qoyan xüsusi proqram hazırlanıb. Burada məşhur brend-şef Bəxtiyar Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunub.

Adətən Nar bayramı bir həftə ərzində qeyd olunur, ona görə də bu müddət üçün restoranın brend-şefi tərəfindən nar menyusu hazırlanıb, məkanın interyerləri isə "nar bağı" obrazından istifadə etməklə etnik üslubda bəzədilib.

Aleksandr Dilbazinin rəsm əsərlərindən ibarət "Nar çiçək açdıqda" ("Когда цветет гранат") sərgisi isə "Nar bağına" keçid etməyə imkan verir.

İlkin mərhələdə 15 əsərdən ibarət kolleksiya xüsusi olaraq Moskvadakı "Ritz Carlton" oteli üçün 2015-ci ildə hazırlanıb və daimi ekspozisiya olaraq burada 2015-ci ildən 2020-ci ilədək nümayiş olunub, növbəti illər ərzində isə dünyanı gəzən 120 rəsm əsərindən ibarət böyük kolleksiyaya çevrilib. "Caspian"da rəssam cəmi 41 əsərini təqdim edib.

Tədbirdə siyasətçilər, iş adamları, yaradıcı ziyalı təbəqəsinin nümayəndələri, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimləri, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri həkimləri, restoratorlar, bloqerlər və s iştirak ediblər.

Bayramın ən möhtərəm qonağı dünya şöhrətli muğam ustası Alim Qasımov olub. Ona sərgidə "Üç bacı" (musiqi, rəqs və rəsm) adı ilə təqdim olunan rəsm əsəri hədiyyə edilib.

Bayramın musiqi proqramı Moskvanın pianoçusu Yuri Rozum və Dj Adam Colts tərəfindən hazırlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...