Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasından 106 il ötür.
Bu gündə dahi sənətkarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Zeynalovun qızı Nəsibə Novruzova nənəsi ilə bağlı xoş xatirələrini Ednews-un oxucuları ilə bölüşüb.
“O, dünyanın ən gözəl nənəsi, ən sadiq həyat yoldaşı, ən gözəl evdar qadını idi. Azərbaycan qadınına xas olan hər bir xüsusiyyət Nəsibə xanımda vardı”.
Nəsibə nənəsinin keçmiş ad günlərindən də söz açıb. O, deyir ki, Nəsibə xanım doğum günlərində ən çox çiçək almağı xoşlayardı.
“Hədiyyə olaraq ən çox çiçək almağı sevərdi. Özəl gününü ailə içində ona ən yaxın olan sənət adamları ilə birlikdə qeyd edərdi, amma yubiley tədbirləri də olub”.
N. Novruzova, Xalq artistinin yaratdığı obrazların hər birinin onun üçün balası qədər əziz olduğunu deyir.
“Nəsibə xanım hər bir rolunun üzərində gecələr yatmayıb, işləyirdi və gördüyünüz əsərlərin hamısına belə incəliklə, zəhmətlə yanaşardı. Məhz onun bu əzmkarlığı nəticəsində belə ölməz, dillər əzbəri olan obrazlar yaranıb. Nəsibə xanım həmişə deyirdi ki, aktyor bir “qumoş”dur, onu formaya salmaq lazımdır. Bunun üçün isə aktyorun üzərində işləyən yaxşı rejissorlar, gözəl müəllimlər olmalıdır”.
N. Novruzova bu gün Azərbaycan teatrında böyük boşluq olduğunu da deyir.
“Düzdür, Azərbaycanda gözəl aktyorlar da yetişir, amma mənə elə gəlir ki, Azərbaycanın kino və teatrı intibah dövrünü artıq geridə qoyub. Çox istərdim ki, həmin dövr bir daha yaşansın”.
Xatıraldaq ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb.
Gülnar Səlimova