Oktyabrın 5-dən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb. Sərgidə tanınmış özbək şairi Xasiyət Rüstəm də iştirak edib.
Dünyanın qırxdan çox ölkəsində kitabları çap olunan Xasiyyət Rüstəm Ednews-a açıqlamasında bildirib ki, Azərbaycanda olduğuna görə çox xoşbəxtdir.
“Azərbaycan bizə çox yaxın qardaş ölkədir. “44 gün”, “Leyli ağaclar” adlı kitablarım sərgidə oxuculara təqdim olunur. “44 gün” kitabı Azərbaycanın şanlı zəfərinə həsr olunub. Həm özbəkcə, həm də azərbaycan dilində nəşr olunub. Bu kitab, mənim 44 günlük Vətən müharibəsi ilə bağlı gündəlik qeydlərimdir. Burada təsvir etməyə çalışdım ki, 44 gün ərzində mən hansı hissləri keçirmişəm. Kitabda hələ müharibədən əvvəl yazdığım “Adı Lalə idi o qızın” poeması, “Rahatsız keçən 44 gün”, “Yuxuma girir Qarabağ” gündəliyi, “Qələbə dastanı” dərc olunub. Azərbaycanın qazandığı qələbə bizim, bütün türk dünyasının qələbəsi idi. Uzun illər biz bu qələbəni gözləyirdik. Biz hər zaman Azərbaycanın haqq işində dəstək olduq”.
Qeyd edək ki, Xasiyyət Rüstəm Azərbaycan sevdalısı və ölkəmizin yaxın dostudur. O öz yazıları ilə müharibə zamanı Azərbaycanın haqq işinə dəstək verir, Ermənistanın Azərbaycana təcavüzü və işğalçılıq siyasətinə qarşı çıxır.
Ayan Rzayeva