“Sona qədər sözümü deyə bilmədim, hönkürüb ağladım” - Kəlbəcərin azad olunması ilə bağlı rayonun məşhur simaları DANIŞIR - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Sona qədər sözümü deyə bilmədim, hönkürüb ağladım” - Kəlbəcərin azad olunması ilə bağlı rayonun məşhur simaları DANIŞIR

Mədəniyyət A- A A+

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ikinci ilidir.

Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Ednews bu münasibəti ilə Kəlbəcərin tanınmış simalarının münasibətini öyrənib.

Şair Elşən Əzim:

“Kəlbəcər azad edildikdən sonra iki dəfə Kəlbəcərdə olmuşam. Əvvəllər elə bilirdim ki, Kəlbəcərə nə vaxt dönsəm, talan olmuş yurdumu görməyə ürəyim tab gətirməyəcək. Əslində bəlkə də belə ola bilərdi. Kəndimizə, məktəbin yanına çatanda tamam keyimişdim, nə edəcəyimi bilmirdim. Bu məqamda evdən zəng gəldi. "Kəndimizdəyəm" sözünü sona qədər deyə bilmədim, hönkürüb ağladım. Bəlkə də bu ağlamaq məni xilas etdi. İkinci dəfə İctimai tv-nin “Ozan” verilişinə çəkilmək üçün Kəlbəcərə getdim.

Bu iki il həyatımda çox şeyi dəyişib. Artıq sevmədiyim qaçqın adını daşımıram, daha alnıaçıq, üzüağ və qürurluyam. Kəlbəcərlə bağlı daha real görünən planlar qururam. Əvvəllər bu, yalnız xəyal ola bilərdi. Əslində işğalda olduğu müddətdə ömrümün hər günündə Kəlbəcəri düşünmüşəm. Heç yerini unutmamaq üçün kəndimizi xəyalımda başdan ayağa gəzirdim. Şükürər olsun ki, bu xəyallar gerçəyə çevrildi.

Əlbəttə Kəlbəcərə qayıdacam, pedaqoji fəaliyyətimi orada davam etdirəcəm. Düşünürəm ki, bədii yaradıcılığım üçün də bu qayıdış yeni mərhələ olacaq. Kəlbəcərə dönmək, orda yaşamaq ən böyük arzumdur”.

Filologiya üzrə fəlsəfə doktoru, şair Ələmdar Cabbarlı:

“2 il ərzində əlbəttə ki, həyatımız dəyişib. Yaşamaq, yaratmaq əzmimiz artıb. Qürurlu və ümüdliyik. Bərpa işləri başa çatan kimi mütləq ömrün sonuna kimi yaşamaq üçün qayıdacağam”.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53.340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...