Ədəbiyyat bu günün insanına maraqlıdırmı? - Yazıçılar DANIŞIR - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Ədəbiyyat bu günün insanına maraqlıdırmı? - Yazıçılar DANIŞIR

Mədəniyyət A- A A+

Bu gün ədəbiyyatın getdikcə maraq dairəsindən çıxdığını müşahidə edirik. İnsanlar bir növ internet dövrünün əsirinə çevriliblər. Artıq hər şeyin sürətli olmasını istəyirlər. Ədəbiyyat isə onlara darıxdırıcı və lazımsız gəlir.

Həqiqətən belədirmi?

Ednews yazıçılarla bu barədə sorğu keçirib. Sizcə, ədəbiyyat indi dəbdən düşübmü? Ədəbiyyat bu günün insanına maraqlıdırmı?

Yazıçı-ədəbiyyatşünas Allahverdi Eminov:

"Bədii Ədəbiyyat fərdi zövqlə şərtlənir. Elə oxucu var ki, bədii ədəbiyyatı demək olar ki, həmişə mütaliə edir. Bu şəxslər özlərini həmin bədii ədəbiyyatda axtarıb tapırlar. Yaşlarından aslı olaraq obrazların müsbət psixologiyasını mənimsəməyə çalışırlar. Elə oxucular da var ki, yazıçının fİkrini "tuta” bilmirlər. Belə fikir ayrılığı daha çox tarixi romanlarda olur. Çünki tarixi qəhrəmanlar yazıçının şəxsi təəssüratının nəticəsi olur. Məsələn jurnalist dostum Faiq Qismətoğlu ilə məhz jurnalistikdan yox bədii ədəbiyyatdan fikir mübadiləsi aparırıq. Söhbət mərhum yazıçımız Cəlal Bərgüşadın "Sıyrılmış qılınc” adlı tarixi romanıyla bağlı idi. Hər ikimiz həmin əsəri oxumuşuq və Babəki tarixi şəxsiyyət kontekstində təsəvvür etmişik. Ola bilsin ki, müəllif qəhrəmanına bir qədər başqa cür yanaşıb. Lakin Babək Azərbaycan xalqının böyük oğludur. Yazıçı da elə bu ideyanı oxucuya aşılamaq istəmişdir.

Bədii ədəbiyyatın lazımı dərəcədə oxunmamasının bir səbəbi də yazıçı dilinin mürəkkəbliyi, qeyri-lokanikliyi və müəyyən detalları obrazlaşdıra bilməməsidir. Yazıçının dili olmalıdır, yazıçı tərcümədən gəlməməlidir.

Digər səbəbi obrazların psixologiyasını müasir oxucuya istənilən səviyydədə çatdıra bilməməsidir. Özümüzə sual verək, nə üçün Lev Tolstoy oxunur. Rus oxucusu heç də Tolstoyu birmənalı qarşılamamışdı. Məsələn onun "Anna Karenina” romanı da birmənalı qarşılanmadı. Çünki rus oxucusu Annanı qavramağa hazır deyildi. Bu gün isə Annada olan "anlaşılmamazlıq” müasir qadın psixologiyasında daha qabarıq nəzərə çarpır”.

Şair Aqşin Yenisey:

"Ədəbiyyat və dəb. Bu sözləri yan-yana təsəvvür etmək üçün ikisindən birinə çox uzaq adam olmalısan. Dəb kütləni ifadə edən bir məfhumdu, ədəbiyyat fərdi və ədəbiyyat çox vaxt kütləvi dəblərə nifrət faktı kimi yaranır. Ədəbiyyatı dəbə çevirən siyasətdir. Məsələn, Nəsimin dövründə hər bir dövlət başçısının öz təriqəti var idi, Şirvanşahlar da hürufiliyi saray təriqəti seçmək istəyirdilər. Hürufilərin qəzəllərini təbliğ edir, yayırdılar. Əmir Teymur imkan vermədi. Yaxud sovet hökuməti şairlərinin populyarlığını indiki Aygün Kazımovanın populyarlığı ilə müqayisə etmək olar. Yaxşı ədəbiyyat bütün dövrlərdə az oxunub. Sadəcə, bu gün ədəbiyyata gələnlər kapitalizmin döşündən süd əmmiş şou təbiətli adamlardır. Onlar ədəbiyyata şöhrət dalınca gəliblər, ancaq heç kim onları barmaqla göstərmir deyə "şeir oldu", "xalq bizi oxumur" kimi bəhanələrə əl atırlar. Şəxsən mənə atamdan var-dövlət qalsaydı, ədəbiyyata vaxtımı yox, həyatımı həsr edərdim. Amma nə edim ki, onu pula çevirmək üçün yazdıqlarımı çap etdirməyə məhkumam”.

Yazar Sevinc Elsevər:

"İncəsənətin müxtəlif sahələri, o cümlədən ədəbiyyat da müxtəlif vaxtlarda dəbə minir, düşür. Bir müddət əvvəl ədəbiyyat dəbdən düşmüşdü. Mütaliə edən adama az qalırdılar lağa qoysunlat. Halbuki Sovet dövründə kitab oxumayan adama birtəhər baxırdılar. Alimindən tutmuş fəhləsinədək, hamı mütaliə edirdi. Son vaxtlar kitab oxuyanların sayı artıb. Misal üçün , Facebook sosial şəbəkəsində "Kitabsevərlər" qrupu var. Kifayət qədər tanınmış qrupdu, üzvlərinin sayı minlərlədi. O qrupda hər yaşda adamlar oxuduqları kitabları şərh edir, tövsiyyə eləyir, müzakirəyə çıxarırlar. Bu, sevindiricidir. Düzdü, mən arzulayardım ki, kitabı insanlar dəb xatirinə oxumasınlar. Daxili ehtiyac duyduqları üçün oxusunlar. Bu, onların gündəlik mənəvi qidası olsun. Amma heç oxumamaqlarındansa, dəb üçün oxumaları da yaxşıdı. İndi xarici ədəbiyyat moddadı. Oxucular xarici müəllifləri oxumaqlarıyla öyünürlər. Bir az da klassik və müasir yazıçılarımızın əsərlərini oxumaqlarıyla, tanımaqlarıyla öyünsünlər. Kədərli haldır ki, gələcəyin bir çox filoloq aliminin belə müasir qələm adamlarından xəbərləri yoxdu. Ədəbiyyatı izləmirlər. Heç dəb xatirinə də izləmirlər."

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...