“Qaz problemim həll olunduqdan sonra maddi vəziyyətim xeyli yaxşılaşdı. Hər kəsə minnətdaram”.
Bu sözləri “Ednews”-a yazıçı, tərcüməçi Əlisa Nicat deyib. Onun sözlərinə görə artıq Azərbaycan Yazıçılar Birliyi Prezindent təqaüdü ayırıb.
“Gələn ilin yanvarından artıq alacam. Hamıdan razıyam. AYB-nin Gənclər Şöbəsi bizə gəldi, mənimlə maraqlandı vəziyyətimlə yaxından tanış oldu”.
Söhbət zamanı yazıçı yaradıcılığından, kitablarında da danışıb:
“29 cild kitabım çapdan çıxıb. 30-cu cildi hazır edirəm. Hər dəfə 400 manat yığıb kitabı nəşr etdirirəm. Bu da son deyil. Hələ 25 cild növbəsini gözləyir. Dünya tarixi, Azərbaycan fəlsəfəsi kimi mövzulardadır. Azərbaycanda pritçanın əsasını mən qoymuşam. Sırf fəlsəfə, fəlsəfi tarix yazmışam. Bundan əlavə, Azərbaycanda pantürkçülüyün bünövrəsini mən qoymuşam. Sovet dövründə türkçülük haqqında heç kimin yaza bilmədiklərini yazmışam”.
Xatırladaq ki, bu ayın əvvəlində “Qanun” nəşriyyatına gələn Əlisa Nicatın fotolarını Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında paylaşmışdı. Onun evinin soyuq olduğunu, qaz pulunu ödəyə bilmədiyindən gün ərzində evi qızdırmaq üçün qaz sobasını 2-3 saat yandırdığını bildirmişdi.
Qeyd edək ki, 87 yaşlı Əlisa Nicat 100 dən çox kitabın müəllifidir. O, “Qızılbaşlar”, “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz”, “Qəbilə başçısı”, “Gəncəli müdrik” və s. məşhur əsərlərin müəllifidir. Müstəqillik dövründə “Nağıllara dönən tarix”, “Ruhların söhbəti”, “Dünya sərkərdələri”, “Kədər şərabı”, “Yüz böyük Azərbaycanlı”, “Karvan” və digər kitabları çap edilib.
Oğuz Ayvaz