Türkiyənin kino və musiqisi dünyasının tanınmış nümayəndələri zəlzələ qurbanları üçün yardım kampaniyasına başlayıb.
Ednews Türkiyənin NTV saytına istinadən xəbər verir ki, bu barədə məşhur musiqiçi Haluk Levent məlumat paylaşıb.
Yardım üçün Hataya gedən Haluk Levent sosial şəbəkədə hisslərini belə dilə gətirib:
"Gələcəkdə bu günü məndən soruşun. Kitab kimi çap etdirəcəm. Mən ömrümdə belə bir gün yaşamadım. Yazmağı unutsam da, lütfən, xatırladın və israr edin".
Edilən ianələri davam olaraq sosial mediada paylaşan Haluk qeyd edib ki, yardımlar gəlməyə davam edir.
O, maddi dəstək göstərən tanınmışların siyahısını təqdim edib. Bildirilib ki, müğənnilər Edis 400 min lirə (37 min manat), İrem Derici 150 min lirə (14 min manat), Mustafa Ceceli 200 min lirə (18 min manat), aktyorlar Aras Bulut İynemli 200 min lirə (18 min manat), Kıvanç Tatlıtuğ 200 min lirə (18 min manat), Burak Deniz 150 min lirə (14 min manat), Celil Nalçakan 100 min lirə (9 min manat), futbolçular Cengiz Ünder 50 min avro (92 min manat), Çağlar Söyüncü 50 min avro (92 min manat), Mert Hakan 200 min lirə (18 min manat), Merih Demiral 1 milyon lirə (90 min manat) və TikTok Türkiyə 100 min dollar (170 min manat) bağışlayıb.
Bundan başqa Haluk Levent qeyd edib ki, zəlzələ ərazisinə yaxın yerlərdə bir neçə konteyner alıb yerləşdirməyi düşünür.
Oğuz Ayvaz