Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında çəkilən və oktyabrın 25-də təqdim edilən “Mustafa” cizgi filminin Avropadakı təqdimatı təxirə salınıb.
EDnews xəbər verir ki, filmin prodüserlərindən olan Kamuran Ayna cizgi filmin Avropada təqdimatına erməni lobbisinin əngəl yaratdığını bildirib.
Prodüserin sözlərinə görə, cizgi filmin bir çox Avropa ölkəsində kinoteatrlarda yayımlanması planlanıb, lakin erməni lobbisinin səyləri nəticəsində təqdimata bir neçə saat qalmış yayım əngəllənib.
Ayna bildirib ki, Atatürkün uşaqlığından bəhs edən “Mustafa” filminin yayımlanması əvvəlcə Avropa ölkələrində yaşayan milyonlarla türkün istəyi nəticəsində təşkil olunmuşdu
“Buna görə bəzi ölkələrdə kinoteatrlarla danışıb filmin təqdimatını planlaşdırdıq. Orada yaşayan vətəndaşlarımız da ölkənin qurucusu ilə bağlı filmi izləmək istəyirlər. Amma rəsmi razılaşmalardan sonra kinoteatrlardan tək-tək zənglər gəlməyə başladı. Bir çox izləyicinin narazılığını bildirməsi səbəbindən filmin təqdimatının təxirə salındığını dedilər. Əsasən də Avstriya və Almaniyada. Nəticə olaraq Avropada filmimizi yayımlaya bilmədik. Erməni lobbisinin hücumuna məruz qaldıq, və istədiklərinə nail oldular”.
Qeyd edək ki, ötən il Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan və “Disney” şirkəti tərəfindən ərsəyə gətirilən “Atatürk” filminin yayımı da təxirə salınmış və bu hadisə ölkədə ciddi narazılığa səbəb olmuşdu. Xəbərin ardından Amerika Erməni Milli Komitəsi (ANCA) bunun erməni lobbisinin təşəbbüsü ilə təxirə salındığını açıqlamışdı.