Noyabrın 14-də Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib.
Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə keçirilən sərginin ekspozisiyasına Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və “Mərcani” Fondunda saxlanılan əsərlər daxildir.
Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mir Nadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq əsəri nümayiş etdirilir.
Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova sərginin yaradılması ideyasından danışaraq bildirib ki, bu, Moskvanın mədəni həyatında çox əlamətdar hadisədir. Bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir. Qalereyanın baş direktoru, həmçinin vurğuladı ki, Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür.