Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində qonağı olub. Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Suzan Cəmilin də iştirak etdiyi görüşdə Misir və Azərbaycan arasında ədəbiyyat sahəsində əlaqələr müzakirə edilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar dəvətə görə Misir Ərəb Respublikasınını Azərbaycandakı səfiri xanım Suzan Cəmilə və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydiyə təşəkkürünü bildirib. Yazıçı Azərbaycan ədəbiyyatı, dünya şöhrətli Azərbaycan şairləri və yazıçıları, o cümlədən ədəbi proseslərin gedişi barədə geniş məlumat verib.
Səfir xanım Suzan Cəmil Azərbaycan və Misir xalqlarının oxşar cəhətlərindən, Azərbaycanda ədəbiyyata, mədəniyyətə verilən əhəmiyyəti yüksək qiymətləndirib. Səfir Suzan Cəmil deyib: “Ölkələr arasında mədəni əlaqələrin inkişafı, xalqların bir-birini daha yaxında tanıması üçün ədəbiyyat sahəsində əlaqələrin daha da genişlənməsi və inkişaf etdirilməsi üçün səylər göstərilməlidir. Məsələn, istərdim ki, Misir xalqı üçün “Leyli və Məcnun” operası göstərilsin, eləcə də Anar müəllimin müəllifi olduğu kitabları ərəb dilinə tərcümə olunaraq Misir xalqı tərəfindən oxunsun. Beləliklə, biz ədəbiyyat sahəsində bir sıra nailiyyətlər əldə edə bilərik”.
Söhbət zamanı tərəflər arasında Müasir Azərbaycan ədəbiyyatı antologiyasının ərəb dilinə tərcüməsinin Azərbaycan Yazıçılar Birliyində təqdimatının da keçirilməsi müzakirə olunub.