Misirin Qahirə Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd və məşhur misirli xəttat Əşrəf Əhməd Ubeyd Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
"Eurasia Diary" xəbər verir ki, ərəb dili və ədəbiyyatı sahəsində mütəxəssislərlə keçirilən görüşdə iki ölkə arasında dostluq əlaqələrinin tarixindən söz açılıb, ərəb dilində yazmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqinin zəruriliyi vurğulanıb.
Görüşdə iştirak edən Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi ərəb dilinin əhəmiyyəti haqda, o cümlədən BMT tərəfindən 18 dekabr tarixinin beynəlxalq ərəb dili günü kimi qeyd edilməsi barədə çıxış etdi.
Qahirə Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd də ərəb dili və əlifbasının dünyadakı rolundan danışıb. Alim Azərbaycanda olduğu müddətdə institutda saxlanılan ərəbdilli əlyazmalardan istifadə etmək istədiyini bildirib.
Tədbir iştirakçıları Əşrəf Əhməd Ubeydin institutun sərgi salonunda nümayiş etdirilən xətt növləri ilə tanış olublar.