2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.
Eurasia Diary "Trend"ə istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.
O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.
İ.Babayevin sözlərinə görə, buna səbəb isə bu istiqamətdə aparılan ardıcıl islahatlardır:
"Hazırda komitə 3 istiqamətdə islahatlar aparır. Əsas məqsəd rüşvət və korrupsiyanın qarşısını almaqdır. İslahatlar beynəlxalq standartlara uyğun həyata keçirilir".
Qeyd edək ki, komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara "Gömrük-Biznes", "Gömrük-Hökumət", "Gömrük-Gömrük" daxildir.