Azərbaycanda problemli kreditlərin həcmində artma müşahidə olunur.
Eurasia Diary Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata istinadən xəbər verir ki, sentyabrın əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 772,4 mln. manat təşkil edib.
Bu ilin yanvar-avqust ayları ərzində qaytarılmayan kreditlərin həcmi 8,9% artıb.
Ümumilikdə, gecikmiş kreditlərin 847 milyon manatı milli valyutada olan kreditlərdir. Bunun 671 milyonunu isə uzunmüddətli kreditlər təşkil edir.
Xarici valyutada olan gecikmiş kreditlərin həcmi 926 milyon manata yaxındır və krediti valyutada alıb qaytarmayanlar üzrə statistika hər ay böyüyür. Dollarla olan və geri qaytarılmayan vaxtı ötmüş kreditlərdə də böyük həcm – 731 milyon manat uzunmüddətli kreditlərin payına düşür.
Kreditləri vaxtında qaytarmayanların sırasına ticarət və xidmət sektoru başçılıq edir. Bundan başqa, sənaye və istehsal sektorunda da problemli kreditlərin həcmi yüksəkdir.