Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, İctimai Birliyin sədri Azər Abdullayev aprelin 15-dən başlayan layihənin məqsədinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilandan didərgin düşmüş məcburi köçkünlərin sosial vəziyyətlərinin qiymətləndirilməsinin aparılması və Azərbaycan Hökumətinin bu sahədə həyata keçirdiyi dövlət siyasətinə dəstək göstərilməsi olduğunu deyib. Qeyd olunub ki, qiymətləndirmə zamanı əldə olunan nəticələr və onların təhlili əsasında məcburi köçkünlərin sosial vəziyyətinə dair vəsait hazırlanıb.
Məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı çıxış edən icra qurumlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri, məcburi köçkün icmalarının təmsilçiləri bildiriblər ki, əhalinin həssas kateqoriyasına aid edilən məcburi köçkünlərin sosial vəziyyətinin ayrı-ayrı aspektləri cəmiyyətin diqqət mərkəzində saxlanılmalı və onların sosial rifahının yüksəldilməsi ilə əlaqədar uzunmüddətli proqramlar davam etdirilməlidir.